×
A
A
A
Sazlamalar

Ədliyyə Nazirliyinin yerli qurumlarına qulluğa qəbulla bağlı açıq müsabiqə elan edilir

Bakı, 16 avqust, AZƏRTAC

Ümummilli lider Heydər Əliyev tərəfindən təməli qoyulmuş dövlət gənclər siyasəti Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilir, Azərbaycan gəncliyinin hərtərəfli inkişafına, cəmiyyətin bütün sahələrində fəal iştirakına əlverişli imkanlar yaradılır.
Dövlət siyasətinə uyğun olaraq ədliyyə orqanlarında da gənclər geniş təmsil olunur, onlara xüsusi qayğı ilə yanaşılır, layiqli dövlət qulluqçusu kimi formalaşmaları, bilik, bacarıq və potensialından səmərəli istifadə olunmaları istiqamətində məqsədyönlü işlər görülür. Gənclərin işlə təminatı diqqətdə saxlanılaraq son 15 ildə vətəndaş cəmiyyəti və kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə aşkarlıq şəraitində mütəmadi keçirilən müsabiqələr əsasında 2300 nəfərə yaxın gənc qulluğa qəbul olunub. Bu gün onlar ədliyyənin müxtəlif sahələrində uğurla fəaliyyət göstərirlər.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu sahədə görülən işlərin davamı olaraq ədliyyə orqanlarına qulluğa qəbul üzrə Müsabiqə Komissiyası nazirliyin bölgələrdəki yerli icra və probasiya, həmçinin qeydiyyat qurumları üzrə (Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu istisna olmaqla) vakant ştat vahidlərinin hazırlıqlı yeni nəsil hüquqşünaslarla komplektləşdirilməsi məqsədilə növbəti açıq müsabiqə elan edir. Bununla əlaqədar “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunun tələblərinə cavab verən və göstərilən yerli qurumlarda işləmək arzusunda olan ali hüquq təhsilli Azərbaycan Respublikasının vətəndaşları müsabiqəyə dəvət olunur.
Müsabiqədə iştirak etmək istəyənlərə əlverişli şərait yaradılaraq, onların bu barədə müraciətləri “Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı müsabiqədə iştirak üçün namizədin qeydə alınması” adlı elektron xidmət vasitəsilə qəbul edilir. Müsabiqənin birinci mərhələsi - test imtahanı Dövlət İmtahan Mərkəzi ilə birlikdə kompüter vasitəsilə keçiriləcək və nəticələrə dair məlumat namizədlərə dərhal yerindəcə təqdim olunacaq.
Hüquqşünaslar müsabiqədə iştirak üçün cari il avqustun 20-dən etibarən nazirliyin internet səhifəsindən (www.exidmet.justice.gov.az) və ya “Elektron hökumət” portalından (www.e-gov.az) qeyd olunan elektron xidmətdən bəhrələnməklə ərizə formasını doldurmalı və təsdiq etməlidirlər. Qeydiyyata alınmış bütün namizədlərin fərdi elektron kabinetləri yaranır və onlar müraciətlərinin qəbulu ilə bağlı məlumatlandırılır. Namizəd müsabiqənin gedişi barədə məlumatları kütləvi informasiya vasitələri ilə yanaşı, elektron kabinetindən də əldə edə bilər.
Ərizələr poçtla, həmçinin regional ədliyyə idarələri vasitəsilə də təqdim oluna bilər.
Test imtahanından uğur qazanmış namizədlərin digər zəruri sənədlərinin toplanması və yoxlanılması bu mərhələdən sonra həyata keçiriləcək və qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verən şəxslər ikinci – söhbət mərhələsinə buraxılacaqlar.
İmtahana hazırlıqla bağlı "Yaddaş kitabçası", habelə test imtahanında kompüterdən istifadəyə dair Təlimat nazirliyin internet səhifəsində "Qulluğa qəbul" bölməsində və namizədlərin elektron kabinetlərində yerləşdiriləcək. Eyni zamanda, bu sənədlər regional ədliyyə idarələrinə müraciət edənlərə təqdim olunacaq.
Hazırkı müsabiqədə iştirak edəcək hüquqşünaslar üçün test imtahanına və söhbət mərhələsinə mükəmməl hazırlaşmalarına və yüksək nəticələr əldə etmələrinə kömək məqsədilə ənənəvi olaraq Ədliyyə Akademiyasında xüsusi hazırlıq kursları təşkil olunacaq.
Test imtahanının vaxtı və yeri, habelə hazırlıq kursunun keçirilməsi barədə əlavə məlumat veriləcək.
Bütün suallarla bağlı nazirliyin internet səhifəsindən, eləcə də (012) 538-01-62, 538-08-85 nömrəli telefonlar vasitəsilə operativ informasiya almaq olar.

Sosial 2019-08-16 20:09:00