×
A
A
A
Sazlamalar

Taymırda vəhşi marallar getdikcə yox olur

Bakı, 16 avqust, AZƏRTAC

Taymırda vəhşi maralların populyasiyası 50 min başadək azalıb. Nəzarətsiz ovlanma və buynuzların kəsilməsi yaxın iki ildə onların axırına çıxa bilər.
AZƏRTAC RİA Novosti agentliyinə istinadla xəbər verir ki, bu barədə Mərkəzi Sibir Qoruğunun direktoru Pavel Koçkaryov bəyan edib.
Rusiyanın Təbii Sərvətlər və Ekologiya Nazirliyi vəhşi şimal marallarının nadir heyvanların siyahısına salınması məsələsinə sentyabr ayında baxacaq.
“Son on il ərzində ən iri, yaşlı erkək və dişi maralları məhv edirlər. Buynuzlarının kəsilməsi maralların populyasiyasına öldürücü təsir göstərir. Əvvəllər buynuzları kəsmirdilər, buynuzların kəsilməsinin eksperimental nümunələrini aparırdılar və bu, veterinarların nəzarəti altında həyata keçirilirdi. Kəsilmiş yerlər təmizlənir, oraya rezin keçirilirdi. Bu gün cilalama maşını ilə marala yaxınlaşır, buynuzlarını mişarlayır və heyvanı atıb gedirlər. Bu isə infeksiyanın daxil olması üçün mənbədir. Bu, kütləvi şəkildə baş verir... Fikrimcə, daha bir neçə il ötəcək və heç nə qalmayacaq! Biz heyvanları hansısa volyer və zooparklarda qoruyub saxlamaqdan ötrü onları axtarıb tapacağıq”, - deyə Koçkaryov qeyd edib. Maral buynuzu əczaçılıqda baha dəyərləndirilir və brakonyerlərə böyük gəlir gətirir.
Koçkaryovun sözlərinə görə, bu il ova ayrılan norma 80 min baş maral təşkil edir ki, bu da maralların sayından daha çoxdur.
Son beş ildə şimal marallarının qeydiyyatı aparılmadığından populyasiyanın vəziyyəti və sayı barədə dəqiq məlumatlar yoxdur.

Ekologiya 2019-08-16 18:23:00