×
A
A
A
Sazlamalar

“DOST” mərkəzinə 25 mininci vətəndaş müraciəti qeydə alınıb

Bakı, 16 avqust, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST (Dayanıqlı və Operativ Sosial Təminat) Agentliyinin 1 saylı “DOST” mərkəzinə 25 mininci vətəndaş müraciəti qeydə alınıb.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, müraciəti edən paytaxtın Yasamal rayon sakini Namiq Nəsibov “DOST” mərkəzinə itirilmiş pensiya kartının alınması ilə bağlı müraciət edərək, mərkəzin bu istiqamət üzrə xidmətindən faydalanıb.
Mərkəzin direktoru Seymur Alıyev ona təşəkkürnamə və simvolik hədiyyələr təqdim edib, DOST xidmətlərindən faydalandığı üçün ona təşəkkürünü bildirib. N.Nəsibov mərkəzdə vətəndaşlara, o cümlədən ona yüksək səviyyəli xidmət göstərilməsindən məmnunluğunu ifadə edib. O, sosial sahə üzrə genişmiqyaslı xidmətlərin əhaliyə “bir pəncərə”dən, operativlik və şəffaflıq, nəzakətlilik və vətəndaş rahatlığı prinsipləri əsasında təqdim edilməsi üçün belə bir mərkəzin yaradılmasına görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

Sosial 2019-08-16 17:04:00