×
A
A
A
Sazlamalar

Sevilya irimiqyaslı yubiley tədbirlərinə hazırlaşır

Madrid, 16 avqust, AZƏRTAC

Avqustun 19-da bütün dünyada, əlbəttə, xüsusən İspaniyada Magellanın dəniz vasitəsilə dünya səyahətinə yola düşməsinin yubileyi qeyd olunacaq. Bayram tədbirlərinin mərkəzi Sevilya və Əndəlis olacaq.
AZƏRTAC İspaniya KİV-nə istinadla xəbər verir ki, avqustun 19-da Fernan Magellan və Xuan Sebastyan Elkanonun bəşəriyyətin tarixində mühüm kəşflərə yol açmış səyahətinin 500 illiyi tamam olur. 1519-cu ildə “Cənub dənizi”nə çıxış tapmaq və ilk dəfə dünya səyahəti zamanı Yerin kürə şəklində olduğunu sübut etmək üçün yola düşən gəmilər məhz Sevilyadan ayrılıblar. Dənizə çıxan 5 gəmidən 1522-ci ilin sentyabrında təkcə biri – Magellanın Filippində ölümündən sonra Elkanonun idarə etdiyi “Nao Victoria” geri qayıdıb.
Tarixin ən mühüm ekspedisiyalarından biri bütün bəşəriyyətin planetimiz haqqında təsəvvürlərini tamamilə dəyişdi. Onu ilk insanın Aya enməsi ilə müqayisə edirlər, lakin bildirirlər ki, Magellanın səyahəti daha təhlükəli və əhəmiyyətli olub.
Bu əlamətdar yubiley münasibətilə ilk tədbirlər artıq apreldə başlayıb və “Sevilya dünyaya açılır” devizi altında tarixi günədək davam edəcək.

Dünya 2019-08-16 15:40:00