×
A
A
A
Sazlamalar

Məlumat Hesablama Mərkəzinin stendi I Xəzər İqtisadi Forumunda maraqla qarşılanıb

Bakı, 16 avqust, AZƏRTAC

Türkmənistanın Türkmənbaşı şəhərində yerləşən “Avaza” milli turizm zonasında I Xəzər İqtisadi Forumunda Azərbaycanın milli pavilyonunda yer alan Məlumat Hesablama Mərkəzinin stendi sərgi iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, forum iqtisadiyyatın müxtəlif sahələrində, eləcə də nəqliyyat və logistika, sənaye, turizm, energetika, ticarət sahələrində yeni texnologiyalar, xidmətlər və həllərlə tanışlıq, həmçinin işgüzar münasibətlərin qurulması üçün mühüm platforma rolunu oynayıb. Sərgidə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, o cümlədən Nazirliyin qurumları təmsil olunublar.
Məlumat Hesablama Mərkəzinin stendində Azərbaycan brendi adı altında Mobil Cihazların Qeydiyyat Sistemi nümayiş etdirilib.
Tam olaraq yerli mütəxəssislər tərəfindən hazırlanan sistem telekommunikasiya şəbəkəsində istifadə olunan mobil cihazların texniki identifikasiya göstəriciləri barədə məlumatların vahid baza sisteminə daxil edilməsi, saxlanılması və emalı üçün nəzərdə tutulmuş informasiya sistemidir.
Məlumat Hesablama Mərkəzinin dünya bazarına çıxarmağa hazırlaşdığı bu sistem texniki parametrləri standartlara uyğun olmayan mobil cihazların idxalının qarşısının alınması, itirilən və ya oğurlanan mobil cihazların istifadəsinin dayandırılması, ölkə ərazisinə gətirilən mobil cihazlara mövcud qaydalara əsasən uyğunluq sertifikatlarının alınması və sair üstünlüklərə malikdir. Bu sistem mobil cihazlar sahəsində təhlükəsizliyi təmin etmək məqsədilə IMEI kodların qeydiyyatı prosesini davamlı olaraq aparmağa imkan verir.
Qeyd edək ki, I Xəzər İqtisadi Forumunda Azərbaycanla yanaşı digər Xəzəryanı ölkələr də öz pavilyonu ilə təmsil olunub.

İKT 2019-08-16 15:25:00