×
A
A
A
Sazlamalar

Gəmiricilərə qarşı zəhərli maddələr heyvanat aləminə ciddi ziyan vurub

Budapeşt, 16 avqust, AZƏRTAC

Tarlalarında gəmiricilərə qarşı mübarizə aparan fermerlərin zəhərli maddələrdən istifadə etmələri səbəbindən ötən il Avropa İttifaqında yüzlərlə xallı maral, tülkü, dovşan, sahilyanı bölgələrdə isə minlərlə qağayı həlak olub.
AZƏRTAC xəbər verir ki, Avropa İttifaqı Komissiyası aqrar təsərrüfat sahiblərinin xırda gəmiriciləri məhv etmək üçün zəhərli maddələri bilavasitə tarlalara səpmələrindən narahatdır. Ekoloqların fikrincə, bu metod bayquş, vağ, qarğa və hətta ev itləri və pişiklərinin həyatını təhlükə altına qoyur. Həmin zəhərli maddələr yağışdan torpağa çökür və yeraltı suları zəhərləyir.
“Euronews” telekanalının yaydığı məlumata görə, Avropa məmurları yay tətilindən sonra bu məsələyə qayıtmaq niyyətindədirlər.

 

Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri

Budapeşt

Ekologiya 2019-08-16 14:36:00