×
A
A
A
Sazlamalar

Cənubu Koreya KXDR-dən raket buraxılışlarını dayandırmağı tələb edib

Bakı, 16 avqust, AZƏRTAC
Rəsmi Seul Koreya Xalq Demokratik Respublikasından (KXDR) raket buraxılışlarını dayandırmağı tələb edib.
AZƏRTAC Yonhap agentliyinə istinadla xəbər verir ki, avqustun 16-da KXDR-in həyata keçirdiyi iki yaxın məsafəli raket buraxılışından sonra Cənubi Koreyanın Prezident ofisi bəyanat yayaraq, bu cür fəaliyyətin Koreya yarımadasında hərbi gərginliyi yüksəldə biləcəyindən narahatlığını ifadə edib.
Raket buraxılışından sonra Cənubi Koreya Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Çunq Euy-yonqun sədrliyi ilə təhlükəsizlik şurasının daimi komitəsinin təcili iclası keçirilib. İclasda Şimali Koreyanın son həftələr reallaşdırdığı raket buraxılışları fonunda Koreya yarımadasında təhlükəsizlik vəziyyəti müzakirə olunub. İclasda çıxış edənlər bu raket buraxılışlarının Cənubi Koreya-ABŞ birgə hərbi təlimlərinə etiraz əlaməti olaraq həyata keçirildiyinə şübhə etmədiklərini bildiriblər.
Qeyd edək ki, KXDR iyul-avqustda 6 dəfə yaxın məsafəli ballistik və digər raket buraxılışları həyata keçirib.

Dünya 2019-08-16 11:54:00