×
A
A
A
Sazlamalar

Texas qubernatoru daxili terrorizmə qarşı operativ mübarizə qrupu təsis edib

Vaşinqton, 16 avqust, AZƏRTAC

El-Pasoda atıcının “Walmart” mağazasına daxil olub 22 nəfəri güllələməsindən iki həftə keçməmiş Texas qubernatoru Qreq Ebbott ştatda ekstremist hücumlardan müdafiə olunmaq üçün daxili terrorizmə qarşı operativ mübarizə qrupu təsis edib.
AZƏRTAC Amerika KİV-lərinə istinadla xəbər verir ki, bu barədə məlumatı qubernatorun mətbuat xidməti yayıb. Federal, ştat və yerli səviyyəli vəzifəli şəxslərdən, o cümlədən leytenant-qubernator Den Patrikdən, nümayəndələr palatasının sədri Dennis Bonnendən və El-Pasonun polis rəisi Qreq Allendən ibarət operativ qrup Texas ştatının administrasiyasına və sakinlərinə qarşı cari və yaranmaqda olan təhdidləri təhlil edərək, belə halların qarşısının alınması və onlara reaksiya verilməsi strategiyası formalaşdıracaqlar. Federal Təhqiqatlar Bürosu (FTB) nifrət dolu manifest aşkar edəndən sonra federal hakimiyyət orqanları El-Pasoda gülləbaranı daxili terrorizm aktı kimi təsnif ediblər. Onların fikrincə, manifesti atıcı yazıb və burada irqçi və ksenofob fikirlər söyləməklə yanaşı, ispandillilərin Texasa müdaxiləsi barədə xəbərdarlıq edib.
Qubernatorun mətbuat üçün məlumatında deyilir: “Texaslıların öz icmaları çərçivəsində təhlükəsizliyinin təmin edilməsi bizim başlıca prioritetimizdir. Bu missiya ştatımızda nifrət və zorakılığı alovlandıran daxili terrorizmə qarşı mübarizə aparmağı və ekstremist ideologiyaların aradan qaldırılmasını nəzərdə tutur. Bu operativ qrup Texasa səmərəli strategiyalar işləyib hazırlamaq və daxili terrorizmə qarşı mübarizə aparmaq üçün lazım olan təcrübəli liderləri birləşdirir”.

 

Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton

Dünya 2019-08-16 11:45:00