×
A
A
A
Sazlamalar

Hər beş ildən bir metabolizmin sürəti aşağı düşür

Bakı, 16 avqust, AZƏRTAC

Bəzən arıqlamaq istəyənlər mümkün vasitələrə əl atır, artıq çəkidən azad olmağın yollarını axtarır, qidanı azaldır və müxtəlif pəhrizlərə üstünlük verirlər. Lakin müəyyən nəticələr əldə edəndən sonra zaman keçdikcə əvvəlki çəkiyə qayıdırlar. Mütəxəssislərin fikrincə, həmin problemin yaranmasında maddələr mübadiləsinin böyük rolu var.
Həkim-diyetoloq Ləman Süleymanova bu barədə AZƏRTAC-a məlumat verərək deyib: “Yaş ötdükcə, metabolizm yaşı dəyişdikcə, konkret ifadə etsək, 25 yaşdan başlayaraq hər beş ildən bir metabolizmin sürəti aşağı düşür. Buna görə də əvvəlki dövrlərdə çəki itirmək, bir neçə gün qidanı azaltmaqla artıq çəkidən xilas olmaq mümkün olurdusa, 30 yaşdan sonra bunu etmək çətinləşir”.
Aparılan tədqiqatlar nəticəsində müəyyən olunub ki, yaşlanmaq insan orqanizmində hormonal dəyişikliklərə səbəb olur və bu da nəticə etibarı ilə çəki artımına aparıb çıxarır. Xüsusən xanımlarda estrogen hormonda tarazlığın pozulması iştahanın azalmasına və maddələr mübadiləsinin yavaşımasına təsir edir. Artıq çəkinin yaranmasına səbəb olan amillərdən biri də düzgün qida rejiminin təyin edilməməsidir. Qida qəbulu zamanı orqanizmin maddələr mübadiləsi nəzərə alınmalı, vitaminlərlə zəngin meyvə və tərəvəzlərə üstünlük verilməlidir.
Diyetoloq deyib: “Qidalanma vərdişləri, passivlik, aktiv həyat tərzinin aşağı düşməsi, xüsusilə yuxu rejiminin pozulması - bunlar qaydaya düşmədikdə yalnız qidalanma ilə, hansısa preparat və çaylarla ilkin mərhələdə artıq kilolardan qurtulmaq mümkün olsa da, sonrakı prosesdə kilolar azalmayacaq və təəssüf ki, çox asanlıqla geri qayıdacaq”.
Mütəxəssislərin dediyinə görə, fasiləsiz və düzgün seçilməyən pəhriz maddələr mübadiləsinin sürətini azaldır, nəticədə itirilən kilolar geri qayıdır. Sağlam qidalanma və aktiv həyat tərzi ilə artıq çəkinin öhdəsindən gəlmək mümkündür. Təbii ki, bu zaman peşəkar həkimlərə müraciət etmək və orqanizmin ümumi sağlamlığının qeydinə qalmaq vacib şərtdir.

Sağlamlıq klubu 2019-08-16 10:39:00