×
A
A
A
Sazlamalar

BMT-də “kosmik silahlanma” təhlükəsi ilə bağlı diskussiya keçirilib

Bakı, 16 avqust, AZƏRTAC 

BMT-də “kosmik silahlanma” təhlükəsi ilə bağlı diskussiya keçirilib. AZƏRTAC təşkilatın saytına istinadla xəbər verir ki, Rusiyanın BMT-nin Cenevrə bölməsindəki daimi nümayəndəsi Gennadi Qatilov aparılan debatlar barədə məlumat verib.
Tərksilah üzrə Konfrans çərçivəsində aparılan debatlarda qeyd olunub ki, bəzi dövlətlərin kosmosda zərbə qüvvəsi yerləşdirmək niyyəti beynəlxalq ictimaiyyətə verilən təhlükəli ultimatumdur. Çıxış edənlər bildiriblər ki, kosmos hərbi təhdid mənbəyi olmamalıdır. Lakin iclas iştirakçıları arasında fikir ayrılığı da olub. Rusiya və Çin növbəti dəfə kosmosda silahlanmanın dayandırılması haqqında müqavilə imzalanmasını tələb ediblər və 1967-ci ildə kosmos haqqında Müqavilə əsasında yeni layihə təqdim ediblər. Bu dövlətlərin nümayəndələri vurğulayıblar ki, planetimizin gələcəyi üçün kosmosdan dinc məqsədlər üçün istifadə olunması zəruridir. Rusiya nümayəndəsi bildirib ki, “dinc məqsədlər üçün kosmos” təşəbbüsünə 21 ölkə qoşulsa da, kosmik güc sayılan Qərb ölkələrindən heç biri onu dəstəkləməyib.
Böyük Britaniya nümayəndəsi də kosmik məkanda təhlükəsizliyin təmin edilməsi məqsədilə dövlətlər üçün ümumi davranış qaydalarının müəyyən edilməsi təşəbbüsünü irəli sürüb. Onun ABŞ-dan olan həmkarı isə Rusiya-Çin təşəbbüsünün mükəmməl olmadığını, onun bu şəkildə beynəlxalq sülhə və təhlükəsizliyə kömək etməyəcəyini bildirib.
BMT-nin tərksilah məsələləri İnstitutunun nümayəndəsi Deniel Porras daha bir ciddi təhlükə mənbəyindən bəhs edib. Vurğulayıb ki, hazırda kosmosda peyklərin istifadəsi qaydalarının olmaması gələcəkdə ciddi təhlükələr yarada bilər. Onun sözlərinə görə, bunun üçün qlobal miqyasda ciddi nəzarət mexanizmi yaradılmalıdır.

Dünya 2019-08-16 10:24:00