×
A
A
A
Sazlamalar

Yaponiyanın müdafiə naziri Şimali Koreyanın raket sınaqlarını davam etdirəcəyini bildirib

Tokio, 16 avqust, AZƏRTAC

Yaponiyanın müdafiə naziri Takeşi İvaya bəyan edib ki, Şimali Koreya raket sınaqlarını davam etdirəcək və buna görə də, kəşfiyyat fəaliyyətini gücləndirmək lazımdır.
AZƏRTAC xəbər verir ki, T.İvaya bu barədə Pxenyanın son zamanlar yaxın məsafəli raketlərin sınağını davam etdirməsi barədə sualı şərh edərkən bildirib.
Nazir qeyd edib ki, Şimali Koreya mətbuatı həmin sınaqların ABŞ-Cənubi Koreya hərbi təlimlərinə cavab olaraq keçirildiyini bildirib. Həmin təlimlərin avqustun 20-dək davam edəcəyi gözlənilir və bununla əlaqədar Yaponiya Müdafiə Nazirliyi vəziyyəti ciddi nəzarətdə saxlayır.
T.İvaya, həmçinin Yaponiya ilə Cənubi Koreya arasında hərbi xarakterli informasiyaların mübadiləsi barədə razılaşmanın müddətinin uzadılacağına ümidvar olduğunu da bildirib. Həmin razılaşma hər il avtomatik olaraq yenilənir, lakin tərəflərdən hər hansı biri avqustun 24-dək digər tərəfə xəbərdarlıq edərək bu razılaşmadan çıxa bilər.
Nazir bəyan edib ki, Yaponiya-Cənubi Koreya diplomatik münasibətləri pisləşsə də, hər iki tərəf Şimali Koreyanın raket və nüvə proqramları ilə əlaqədar ümumi təhdidlərlə qarşılaşıb.
T.İvaya qeyd edib ki, belə şəraitdə razılaşma Yaponiya və Cənubi Koreyanın müdafiə idarələri arasında kəşfiyyat informasiyalarının mübadiləsi üçün çox mühüm çərçivədir.

Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio

Dünya 2019-08-16 09:09:00