×
A
A
A
Sazlamalar

Belarus neft daşınmasına qoyulan tarifi qaldırıb

Kiyev, 15 avqust, AZƏRTAC
Belarusun Antiinhisar Tənzimlənməsi və Ticarət Nazirliyi ölkə ərazisi ilə neft daşınmasına qoyulan tarifin 2019-cu il sentyabrın 1-dən 3,7 faiz qaldırılmasını təsdiqləyib.
AZƏRTAC Belarus KİV-lərinə istinadla xəbər verir ki, Rusiya və Belarus 2019-cu il sentyabrın 1-dən 2020-ci il yanvarın 1-dək Belarus ərazisi ilə neftin daşınmasına qoyulan tarifin 3,7 faiz qaldırılması barədə razılığa gəliblər. Tarif daha sonra ölkələr arasında mövcud olan qaydalara uyğun indeksləşdiriləcək.
“Qomeltransneft Drujba” ASC-nin qazancının alınmamış hissəsinin qismən bərpası üçün Antiinhisar Tənzimlənməsi və Ticarət Nazirliyinin qərarı ilə neft daşınmasına qoyulan tariflərin sentyabrın 1-dən 3,7 faiz qaldırılması nəzərdə tutulub”, - deyə qurumda bildiriblər.
Qeyd olunub ki, Rusiya neftinin tərkibində üzvi xloridin qatılığının artması ilə əlaqədar Polşa, Almaniya, Çexiya və Macarıstanın neft emalı zavodları tərəfindən neft qəbulundan imtina ilə bağlı neft daşımalarının həcminin azalması “Qomeltransneft Drujba” ASC-nin 2019-cu il üçün nəzərdə tutulmuş mədaxil həcminin azalması ilə nəticələnib. Bu isə “Qomeltransneft Drujba” ASC-nin nəqliyyat sisteminin ekoloji təhlükəsizliyinin və etibarlılığının təminatına yönələn investisiya proqramı üzrə zəruri tədbirlərin yerinə yetirilməməsinə gətirib çıxara bilər.


Rüstəm Məmmədli
AZƏRTAC
Kiyev

Neft - qaz 2019-08-15 20:10:00