×
A
A
A
Sazlamalar

“Aqrolizinq” mövsümdən əvvəl ammofos gübrəsinin satışına hazırdır

Sentyabrdan mineral gübrələrin güzəştli şərtlərlə səyyar satışına başlanacaq

Bakı, 15 avqust, AZƏRTAC
“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti ammofos gübrəsinin Cəmiyyətin bütün regional nümayəndəliklərinin və rayon bölmələrinin logistik gübrə anbarlarında güzəştli şərtlərlə satışını həyata keçirir.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildiriblər ki, ammofos gübrəsinin 1 tonunun satış qiyməti 1000 manata, dövlət tərəfindən tətbiq edilən 70 faiz güzəştlə 300 manata və müvafiq olaraq 50 kiloqramlıq 1 kisəsi 15 manata satılır. Kənd təsərrüfatı məhsulları istehsalçıları mülkiyyətində, istifadəsində və ya icarəsində olan torpaq sənədlərini, kənd icra nümayəndəliyindən əldə etdiyi ərizə və məlumat formasını, şəxsiyyət vəsiqəsinin surətini təqdim etməklə mineral gübrələri güzəştli şərtlərlə əldə edə bilərlər.
Sentyabr ayından etibarən Cəmiyyətin rayon bölmələri ilə yanaşı, uzaq məsafələrdə yerləşən ucqar kəndlərdə mineral gübrələrin, xüsusilə mövsümə uyğun ammofos gübrəsinin səyyar satışı təşkil olunacaq. Səyyar satış zamanı fermerlərimiz müvafiq sənədləri təqdim etməklə və yerindəcə ödəniş etməklə öz kəndlərində güzəştli şərtlərlə mineral gübrələr ala biləcəklər.
Qeyd edək ki, ammofos azot-fosfor qarışıqlı kompleks gübrədir, tərkibində 12 faiz azot və 52 faiz fosfor vardır. Əksər bitkilərdə əkindən öncə şum altına, səpinlə birgə və torpaqda fosfor çatışmazlığı olduğu halda yemləmə olaraq tətbiq edilir. Ammofos fosfor ağırlıqlı kompleks gübrə olduğuna görə ölkəmizdə əsasən payız aylarında dənli bitkilərin əkini zamanı və əkinqabağı şum altına verilir. Ammofos torpaqda münbitliyin artmasına və bunun sayəsində əkilən məhsulun keyfiyyətinin və məhsuldarlığın yüksəlməsinə, böyümənin və inkişafın normallaşdırılmasına kömək edir.
Cəmiyyət ötən illərdəki təcrübəyə əsaslanaraq, cari ildə də mövsüm başlamamışdan əvvəl ammofos gübrəsinin satışına tam hazırdır.

Kənd təsərrüfatı 2019-08-15 16:00:00