Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

“Nəsimi” baleti Beynəlxalq Musiqi Festivalı çərçivəsində nümayiş ediləcək

Bakı, 15 avqust, AZƏRTAC

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı Ü. Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalı çərçivəsində müxtəlif səhnə əsərləri ilə çıxış edəcək. Sənət ocağında təqdim olunacaq ilk səhnə əsəri “Nəsimi” baleti olacaq.
AZƏRTAC xəbər verir ki, sentyabrın 22-də təqdim olunacaq baletdə görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun musiqisindən istifadə olunacaq.
Səhnə əsəri böyük şair və mütəfəkkir İmadəddin Nəsiminin həyatından bəhs edir. Tamaşanın quruluşçu baletmeysteri Opera və Balet Teatrı balet truppasının bədii rəhbəri, Xalq artisti mükafatları laureatı Kamilla Hüseynova, libretto müəllifi Əjdər Ulduz, musiqi rəhbəri və dirijoru Azərbaycanın Xalq artisti, professor Yalçın Adıgözəlov, quruluşçu rəssamı Azərbaycanın Əməkdar rəssamı Nüsrət Hacıyev, kostyumlar üzrə rəssam Xalq rəssamı, Dövlət mükafatı laureatı Rafiz İsmayılovdur.
Səhnə əsərində teatrın balet truppasının aparıcı solistləri - Anar Mikayılov (şair Nəsimi), Əməkdar artistlər Nigar İbrahimova (Nəsiminin həyat yoldaşı), Samir Səmədov (Nəimi), həmçinin İslam Məmmədov (gənc Nəsimi) və Dinara Şirinova (Nəsiminin qızı) çıxış edəcəklər.

Teatr və kino 2019-08-15 11:27:00