×
A
A
A
Sazlamalar

Ali məktəblərin boş qalan yerlərinə qəbul üçün keçirilən müsabiqəyə hansı abituriyentlər buraxılırlar

Bakı, 15 avqust, AZƏRTAC 

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə qəbul olmaq istəyən abituriyentlərin bu gündən ixtisas seçimi aparılır.
DİM-dən AZƏRTAC-a bildirilib ki, I, II, III və IV qruplar üzrə ixtisas seçiminə ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılırlar.
“Jurnalistika” ixtisasını yalnız III ixtisas qrupu üzrə təqdim olunan müsabiqə şərtlərini ödəyən və test imtahanından sonra təqdim olunmuş mövzu üzrə yazı işini (inşanı) müvəffəqiyyətlə yerinə yetirən abituriyentlər seçə bilərlər.
Azərbaycan Dövlət Aqrar Universitetinin “Baytarlıq”, “Bitki mühafizəsi”, “Bağçılıq və tərəvəzçilik” ixtisasları və Lənkəran Dövlət Universitetinin “Bağçılıq və tərəvəzçilik” ixtisası üzrə həm dövlət sifarişi əsasında, həm də ödənişli əsaslarla qəbul aparılan yerlərinin müsabiqəsində ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan abituriyentlər iştirak edə bilərlər.
Ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinin siyahısı “Abituriyent” jurnalının 8-ci nömrəsində dərc olunub.
Qeyd edək ki, ali təhsil müəssisələrinə qəbul olmuş abituriyentlərin boş qalan yerlərinə qəbul üçün keçirilən müsabiqədə iştirak etmək hüquqları yoxdur.
İxtisas seçimi avqustun 19-dək davam edəcək.

Elm və təhsil 2019-08-15 11:01:00