×
A
A
A
Sazlamalar

Xaricdən qida məhsulu idxal etmək sahibkarlıq fəaliyyəti hesab edilir və vergiyə cəlb olunur

Bakı, 14 avqust, AZƏRTAC 

Xarici müəssisədən qida məhsullarını idxal edərək satışını həyata keçirən fiziki şəxs vergini necə ödəməlidir?
Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən AZƏRTAC-a bildirilib ki, bu, sahibkarlıq fəaliyyəti hesab edildiyindən fiziki şəxs ilk növbədə yaşayış yeri üzrə vergi uçotuna alınmalıdır.
Vergi uçotuna alınma kağız daşıyıcısında “Fiziki şəxsin uçotu haqqında ərizə” və ona əlavə olunmuş şəxsiyyəti təsdiq edən sənədin (Azərbaycan Respublikasının vətəndaşları üçün şəxsiyyət vəsiqəsi) surətinə əsasən həyata keçirilir.
Vergi uçotuna alınarkən təqdim edilən ərizədə seçilən vergitutma metoduna uyğun olaraq sadələşdirilmiş verginin, gəlir vergisinin və ya əlavə dəyər vergisinin (gəlir vergisinin ödəyicisi də olmaq şərti ilə) ödəyicisi kimi fəaliyyət göstərmək mümkündür.
Sözügedən məhsulun topdansatışı ilə məşğul olan şəxsin sadələşdirilmiş vergiödəyicisi olmaq hüququ olmur və gəlir vergisi ödəyicisi kimi fəaliyyət göstərməlidir. Eyni zamanda, ardıcıl 12 aylıq dövrün istənilən ayında vergi tutulan əməliyyatların həcmi 200 min manatdan artıq olduğu halda ƏDV qeydiyyatına durmalıdır.
Bundan başqa, Vergi Məcəlləsi ilə nəzərdə tutulan hallarda vergi orqanlarının səlahiyyətlərini qanunla müəyyən edilmiş hallarda yol vergisi və idxal-ixrac əməliyyatları sahəsində gömrük orqanlarının həyata keçirdiyini nəzərə alaraq, malların idxalı zamanı ödənilməli olan rüsumlar və vergilər barədə ətraflı məlumatla bağlı Dövlət Gömrük Komitəsinə müraciət etmək lazımdır.

Maliyyə 2019-08-14 18:35:00