Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Donald Tramp Prezident seçildikdən sonra 5 milyard dollar itirdiyini bildirib

Bakı, 14 avqust, AZƏRTAC

Donald Tramp Prezident seçildikdən sonra 5 milyard dollar itirdiyini bildirib. Onun sözlərinə görə, bu maliyyə itkisinin səbəbi biznesmen karyerasını davam etdirməməsi nəticəsində qazana bilmədiyi pullar, habelə onun əleyhinə qaldırılan iddialardan ötrü vəkillərə ödədiyi vəsaitlər olub.
AZƏRTAC NBC telekanalına istinadla xəbər verir ki, Donald Tramp deyib: “Bu, ola bilər ki, mənə 3-5 milyard dollara başa gəlib. Lakin itirdiyim vəsaitlər məni narahat etmir. Elə Prezident olmağımı özüm üçün böyük var-dövlət hesab edirəm”. ABŞ-ın dövlət başçısı hər gün ona qarşı qaldırılan məhkəmə iddiaları ucbatından vəkillərə xeyli pul xərcləməsindən gileylənib.
Lakin telekanalın şərhində deyilir ki, dövlət başçısının söylədiyi rəqəmləri dəqiqləşdirmək mümkün deyil. Belə ki, o, bundan əvvəl zərərinin 10 milyard dollara yaxın olduğunu bəyan etmişdi. “Forbes” jurnalının mart ayında dərc etdiyi reytinq cədvəlinə görə, ABŞ Prezidentinin maliyyə vəsaitinin ümumi həcmi 3,1 milyard dollardır. 0, 2016-cı ilin seçkiqabağı kampaniyasında gəlir deklarasiyası təqdim edəcəyini vəd etsə də, bugünədək bu sözünə əməl etməyib. D.Tramp bunu onun biznesinin yoxlanılması ilə əlaqələndirib. 2017-ci ilin mayında isə ABŞ Prezidenti bəyan edib ki, dövlət başçısı vəzifəsini tərk etdikdən sonra gəlir deklarasiyası təqdim edəcək.

Dünya 2019-08-14 15:27:00