Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

KXDR Cənubi Koreyanı öz ərazisində ABŞ raketləri yerləşdirməməyə çağırır

Bakı, 14 avqust, AZƏRTAC
KXDR Cənubi Koreyanın hakimiyyət orqanlarını ölkə ərazisində orta mənzilli ABŞ raketləri yerləşdirmək planlarına yenidən baxmağa çağırır.
AZƏRTAC xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb. “Cənubi Koreya ərazisində yeni silahlar, o cümlədən Amerikanın THAAD raketdən müdafiə kompleksləri yerləşdirmək planları regionda gərginliyin artmasına, həmçinin yeni soyuq müharibənin başlanmasına və növbəti silahlanma yarışına gətirib çıxara bilər”, - agentliyin materialında belə deyilir.
Qeyd olunur ki, Cənubi Koreya öz planlarına yenidən baxmalı və düşünməlidir ki, “kor-koranə itaətə görə yüksək hesab ödəməli olacaq”. Əgər Seul orta mənzilli THAAD raketləri yerləşdirilməsinə razılıq versə, Cənubi Koreya KXDR-ə nüvə zərbəsi endirmək üçün meydana çevriləcək.
France-Press agentliyi avqustun 3-də ABŞ müdafiə naziri Mark Esperin Asiyada orta mənzilli yerüstü raketlər yerləşdirilməsi planını dəstəklədiyi barədə xəbər yaymışdı. Çox keçmədən – avqustun 10-da KXDR 400 kilometr məsafə qət edən yaxın mənzilli iki ballistik raket buraxılışını həyata keçirib. Bu, son iki həftədə Cənubi Koreya hərbçiləri tərəfindən keçirilən sayca beşinci raket sınağıdır.

Dünya 2019-08-14 15:21:00