Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Qurbanlıq diri heyvan kəsimi və satışı aparılan yerlərdə dezinfeksiya işlərinə başlanılıb

Bakı, 14 avqust, AZƏRTAC

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin mütəxəssisləri tərəfindən bu gün səhər saatlarından etibarən Qurban bayramı ilə əlaqədar paytaxt və bölgələrdə qurbanlıq heyvanların satışına icazə verilmiş yerlərdə dezinfeksiya tədbirinə başlanılıb.
Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildiriblər ki, profilaktik dezinfeksiya tədbiri müvafiq qurumlar tərəfindən müəyyən edilmiş diri heyvanların satışının aparılması nəzərdə tutulan yerlərdə ödənişsiz əsaslarla icra olunur. Tədbirlər obyekt sahibləri tərəfindən ərazidə mexaniki təmizlik aparıldıqdan sonra həyata keçirilir.
Profilaktik məqsədlə aparılan dezinfeksiya işində kimyəvi məhlullar əraziyə xüsusi maşınlarla güclü axın şəklində səpilir, eləcə də mexaniki dezinfeksiyaedici qurğulardan istifadə edilməklə aparılır.
Obyektlər dezinfeksiya tədbirlərindən sonra təsərrüfat sahiblərinin istifadəsinə verilir, bununla da heyvan satışı üçün ərazilərin baytarlıq-sanitariya cəhətdən yararlığı təmin olunur.
Qeyd edək ki, heyvan satışı və kəsim yerlərində dezinfeksiya işlərinin avqustun 16-da yekunlaşması nəzərdə tutulur.

Kənd təsərrüfatı 2019-08-14 12:56:00