Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Muxtar respublikanın İqtisadiyyat Nazirliyinin yeni saytı fəaliyyətə başlayıb

Naxçıvan, 13 avqust, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin yeni saytı (www.in.nakhchivan.az) fəaliyyətə başlayıb.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, saytın strukturu təkmilləşdirilib, yeni funksional bölmələr əlavə edilib və yeni dizayn verilib. İnternet saytı nazirliyin fəaliyyətinin ayrı-ayrı istiqamətlərinin, bu sahədə olan yeniliklərin, həyata keçirilən tədbirlərin daha dolğun və operativ şəkildə ictimaiyyətə çatdırılmasını təmin edəcək. Sayt istifadəçiləri iqtisadiyyat sahəsinin müxtəlif istiqamətləri üzrə tətbiq edilən yenilikləri və normativ-hüquqi bazanı vahid mənbədən ala biləcəklər.
Yeni internet saytında elektron xidmətlərdən istifadə də mümkündür. Saytda icazələrin elektron informasiya portalına (icazeler.nax.az) birbaşa keçid yerləşdirilib və vahid idarəetmə sistemi yaradılıb.
Yeddi bölmə və 19 altbölmədən ibarət yenilənmiş saytda istifadəçinin rahatlığı üçün ən çox müraciət olunan bölmələr “Ana səhifə”də cəmlənib, muxtar respublikanın iqtisadiyyat xəbərləri, nazirlik tərəfindən keçirilən tədbirlər, operativ informasiyalar, həmçinin muxtar respublika iqtisadiyyatının makroiqtisadi göstəriciləri öz əksini tapıb. Bununla yanaşı, sahibkarlarla iş sahəsində “sahibkarlığa dəstək” və “sahibkarların nəzərinə” altbölmələri vasitəsilə operativ olaraq sahibkarların məlumatlandırılması da nəzərdə tutulub. Saytda vətəndaşların qəbul günlərinin qrafiki, elektron müraciət qaydaları, qaynar xətt, valyuta məzənnələri, nazirliyin e-mail ünvanı və digər əlaqə vasitələri barədə məlumatlar da yerləşdirilib.
İqtisadiyyat Nazirliyinin fəaliyyət istiqamətlərinə uyğun olaraq keçirilən tədbir və konfranslar, Azərbaycanda və xarici ölkələrdə təşkil edilən biznesforum, işgüzar görüş və sərgilər, bir sıra ölkələrlə aparılmış ticarət əlaqələri, iqtisadiyyatın müxtəlif sahələri üzrə qəbul edilmiş normativ-hüquqi aktlar, müxtəlif ölkələrin nümayəndə heyətlərinin muxtar respublikaya səfərləri barədə məlumatlar sayt vasitəsilə mütəmadi olaraq ictimaiyyətə çatdırılacaq, həmçinin vətəndaşların nazirliklə əlaqəli sualları operativ cavablandırılacaq.

Regionlar 2019-08-13 14:45:00