×
A
A
A
Sazlamalar

Qurban bayramında şəhid ailələri ziyarət olunub

Bakı, 12 avqust, AZƏRTAC

Qurban bayramı münasibətilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən Milli qəhrəmanların, veteranların, QHT rəhbərlərinin, KİV nümayəndələrinin iştirakı ilə respublikanın bütün şəhər və rayonlarını əhatə etməklə şəhid və Qarabağ müharibəsi veteranlarının ailələrinə bayram təbrikləri və sovqatlar çatdırılıb.
Qurumun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov, Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov Səbail rayonunda şəhid Vüqar Muradovun, Yasamal rayonunda isə şəhid Cavid Quliyevin ailəsinə baş çəkib, ailə üzvlərini bayram münasibətilə təbrik ediblər.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial siyasəti, şəhid ailələrinə diqqət və qayğını fəaliyyətində prioritet götürən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti olaraq müxtəlif layihələr həyata keçirir. Belə layihələr Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olmuş vətən övladlarının ailələrinin qayğı ilə əhatə edilməsi, əlamətdar günlərdə bayram əhval-ruhiyyəsi yaşatmaq məqsədi daşıyır.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri tərəfindən şəhid ailələrinin ziyarət olunması və onlara bayram sovqatlarının paylanılması davam etdirilir.

Sosial 2019-08-12 18:48:00