×
A
A
A
Sazlamalar

Heydər Əliyev Fondu aztəminatlı ailələrə qurban payları çatdırır

Bakı, 12 avqust, AZƏRTAC

Qurban bayramı münasibətilə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə aztəminatlı ailələrə qurban payları çatdırılır.
Heydər Əliyev Fondundan AZƏRTAC-a bildiriblər ki, ətlik cins heyvanlar xüsusi ət kəsimi yerlərində kəsilərək hər bir ailə üçün ayrı-ayrılıqda qablaşdırılıb. Heydər Əliyev Fondunun əməkdaşları və Fondun “Regional İnkişaf” İctimai Birliyinin könüllüləri respublika üzrə ünvanlı sosial yardım alan, eləcə də aztəminatlı ailələrə bayram sovqatları çatdırıblar. Bayram sovqatlarının paylanılması avqustun 13-dək davam edəcək. Ümumilikdə 70 minə yaxın ailənin bayramı təbrik edilərək, onlara Qurban bayramı münasibətilə qurban payları çatdırılacaq.
Qeyd edək ki, Heydər Əliyev Fondunun nümayəndələri mütəmadi olaraq müxtəlif bayramlarda aztəminatlı ailələrə baş çəkərək onlara Fondun adından sovqatlar təqdim edirlər.
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilən bu layihə aztəminatlı ailələr üzrə dövlət siyasətinə töhfə vermək məqsədi daşıyır.

Sosial 2019-08-12 10:24:00