×
A
A
A
Sazlamalar

Cəlil Xəlilov: Sosial sahənin inkişafının prioritetliyi məsələsi Azərbaycan Prezidentinin diqqət mərkəzindədir

Bakı, 11 avqust, AZƏRTAC

Həyata keçirilən sosial paketlər vətəndaşların rifahının yüksəlməsinə müsbət təsirini göstərir. MDB məkanında ən çox Azərbaycan veteranları diqqət və qayğı ilə əhatə olunublar.
Prezident İlham Əliyevin göstərişi ilə 2019-cu ilin əvvəlindən başlayaraq əhalinin sosial müdafiəsinin gücləndirilməsi və problemlərinin həlli məqsədilə müxtəlif tədbirlər həyata keçirilib, ölkə başçısı tərəfindən bu istiqamətdə çoxsaylı fərman və sərəncamlar imzalanıb. Həyata keçirilən sosial paketlər vətəndaşların, ayrı-ayrı sosial, aztəminatlı və imtiyazlı təbəqələrinin, o cümlədən veteranların rifahının yüksəlməsinə müsbət təsir göstərir, onların sosial problemləri həll olunur. Azərbaycan Prezidenti əhalinin sosial rifahının yüksəldilməsi istiqamətində mühüm işlər görür.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov deyib.
C.Xəlilov bildirib ki, Prezident İlham Əliyev “Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı, onun problemləri, onun qayğıları, onun rifahı dayanır” şüarını gördüyü işlərlə gerçəkləşdirir. Dövlətimizin başçısı Vətən və xalq qarşısında xidmətləri olan şəxslərin ailə üzvlərinin sosial məsələlərinin həllini hər zaman prioritet vəzifə hesab edir. Dövlətimizin başçısının “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında bu il imzaladığı Fərmanı bu istiqamətdə növbəti mühüm addımdır.
“Prezident İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı keçirilən müşavirə sübut etdi ki, ümumilikdə 2019-cu ildə imzalanan qanunvericilik aktları təqaüd alanların, əlillərin, müharibə veteranlarının, aztəminatlı ailələrin həyatında müsbət dəyişikliklərə səbəb olub. Həmin müşavirə bu sahədəki islahatların nəticələrinin diqqət mərkəzində olmasının təsdiqidir. Ümumiyyətlə, sosial sahədə atılmış addımlar dörd milyona yaxın vətəndaşı əhatə edir. Bu ilin birinci yarısında Prezident İlham Əliyevin imzaladığı sərəncamlar hər bir vətəndaşın maddi rifah halının yaxşılaşdırılmasına, sosial müdafiəsinin gücləndirilməsinə və onlara dövlət qayğısının daha da artırılmasına xidmət edib. Bu sənədlər bir daha təsdiq etdi ki, Azərbaycan vətəndaşlarının qayğı və problemləri dövlətimizin daim nəzarətindədir. Azərbaycanın siyasət xətti isə sosialyönümlüdür, - deyə Respublika Veteranlar Təşkilatının sədr müavini vurğulayıb.
O qeyd edib ki, Azərbaycanın iqtisadi qüdrətinin artması hərbi qulluqçuların sosial müdafiəsinin etibarlı təmin edilməsi üçün də şərait yaradıb. Müvafiq sərəncamlara əsasən, hərbi və hüquq-mühafizə orqanlarının xüsusi rütbəli əməkdaşlarının və mülki işçilərinin əməkhaqlarının artırılması Vətənin keşiyində dayanan insanlara göstərilən etimadı bir daha təsdiqlədi. Bundan əlavə, minimum əməkhaqqının artırılması Azərbaycanda aztəminatlı ailələrin maddi rifah halına müsbət təsirini göstərəcək. İqtisadi sahədəki uğurlar ölkə vətəndaşlarının sosial təminatını əhəmiyyətli dərəcədə artırıb. Ümumilikdə sosial sahədə islahatların növbəti mərhələsində hazırlanan inqilabi addımlar Prezident İlham Əliyevin “Azərbaycanda dövlət siyasətinin mərkəzində insan amili dayanır” tezisini bir daha təsdiq etdi.
Sədr müavini diqqətə çatdırıb ki, Azərbaycan Prezidenti ölkə veteranlarının, müharibə iştirakçılarının, əlillərin sosial müdafiəsini gücləndirmək istiqamətində ardıcıl sərəncam və fərmanlar imzalayır. Azərbaycan veteranları bu baxımdan bütün MDB məkanında ən çox diqqət və qayğı ilə əhatə olunublar. Veteranların maddi rifah halının yaxşılaşdırılması onları daim ruhlandırır. Azərbaycan veteranları dövlətimizin başçısının həyata keçirdiyi daxili və xarici siyasəti dəstəkləyirlər. Sonuncu sərəncamlar sosial sahədə əhəmiyyətli irəliləyişlərin olduğunu göstərir. Odur ki, veteranlar xalqın birliyi və gənclərin vətənpərvər ruhda tərbiyə edilməsində bundan sonra da əllərindən gələni əsirgəməyəcəklər.

 

Sosial 2019-08-11 20:30:00