×
A
A
A
Sazlamalar

Şamaxıda dövlət-din münasibətlərindən bəhs edən seminar-müşavirə keçirilib

Bakı, 9 avqust, AZƏRTAC
Avqustun 8-9-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və Şamaxı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Şamaxıda “Azərbaycanda dövlət-din münasibətləri: tarix və müasirlik” mövzusunda ikigünlük seminar-müşavirə keçirilib.
Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, tədbirdə dindarlar, dini icma sədrləri, gənclər və ictimaiyyətin digər nümayəndələri iştirak ediblər.
Rayon icra hakimiyyəti başçısının müavini Gülnisə Ələkbərova rayonda dini durumun sabit olduğunu deyib, onlarla məscidin, o cümlədən Şamaxı Cümə məscidi, Dəmirçi məscidi kimi tarixi ibadət yerlərinin fəaliyyət göstərdiyini diqqətə çatdırıb.
DQİDK sədrinin birinci müavini Səyyad Salahlı qeyd edib ki, ümummilli lider Heydər Əliyev xalqımızın mənəvi dəyərlərinin inkişafında əvəzsiz tarixi xidmətlər göstərib. Bu mənəvi dəyərlər sırasında dini dözümlülük və multikulturalizm xüsusi yer tutur. Bu gün Azərbaycan dünyada tolerantlıq və multikulturalizm ölkəsi kimi tanınmaqdadır.
Azərbaycanda bütün sahələrdə olduğu kimi, dövlət-din münasibətlərinin tənzimlənməsi istiqamətində də mühüm addımlar atıldığını deyən Səyyad Salahlı vurğulayıb ki, bu siyasətin əsası müstəqil Azərbaycanın qurucusu Heydər Əliyev tərəfindən qoyulub və hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Son illər ərzində respublikamızda 200-dən çox məscid inşa edilib, 90-a yaxın məsciddə isə əsaslı təmir və yenidənqurma işləri həyata keçirilib.
DQİDK sədrinin birinci müavini ölkəmizdə dini maarifləndirmə işinin təşkili və icrası, həmçinin dini icmaların cəmiyyətdə radikalizm meyillərinin qarşısının alınması sahəsində dövlətin həyata keçirdiyi tədbirlər barədə də ətraflı danışıb. O, xalqımızın zəngin tolerantlıq ənənəsi, zərərli dini cərəyanların təbliğat metodları və onlara qarşı həyata keçirilən tədbirlərdən danışaraq dini radikalizmlə mübarizədə cəmiyyətin rolunun xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.
Qafqaz Müsəlmanları İdarəsinin Şamaxı və Qobustan rayonları üzrə səlahiyyətli nümayəndəsi Mərəhmət Mustafayev, Yeni Azərbaycan Partiyası Şamaxı rayon təşkilatının sədri Bəxtiyar Abbasov və başqaları dövlətin dinə və dindarlara qayğısından, respublikamızda həyata keçirilən dini maarifləndirmə tədbirlərinin əhəmiyyətindən danışıblar.
İkigünlük seminar-müşavirə müzakirələrlə başa çatıb.

Din 2019-08-09 14:46:00