Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

“Regional İnkişaf” İctimai Birliyi ixtiraçı məktəblilərə dəstək oldu

Bakı, 9 avqust, AZƏRTAC

Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi Gəncə şəhərindən olan gənc ixtiraçılara dəstək olub.
AZƏRTAC xəbər verir ki, IX sinif şagirdləri Rəsul Əliyev və Hüseyn Əliyev “LEGO technic” vasitəsilə yaratdıqları “RoboAqrar” robotunu ABŞ-ın Nyu York ştatının Osveqo şəhərində keçirilən IX “Dahilərin olimpiadası”nda ("Genius olympiad") nümayiş etdirib. Azərbaycandan olan gənclərin ixtiraları olimpiadanın “Biznes” kateqoriyasında fərqlənmə diplomuna layiq görülüb. Fermerlər üçün nəzərdə tutulan bu robot kənd təsərrüfatında geniş istifadə potensialına malikdir.
Qeyd edək ki, Gəncə şəhərinin IX sinif şagirdləri Rəsul Əliyev və Hüseyn Əliyev ABŞ-da keçiriləcək olimpiadada iştiraka dəstək göstərilməsi üçün “Regional İnkişaf” İctimai Birliyinə müraciət etmişdilər. Yarışda 78 ölkənin nümayəndələri iştirak ediblər. 247 fərqlənmə diplomu alan iştirakçılar arasında Rəsul Əliyev və Hüseyn Əliyev də olub.
Xatırladaq ki, həmin olimpiadada Azərbaycandan olan 7 iştirakçı robotika, elm və incəsənət kateqoriyaları üzrə qızıl medal, 3 iştirakçı robotika sahəsində bürünc medal alıb, daha 4 iştirakçı da musiqi və robotika kateqoriyalarında fərqlənmə diplomu əldə edib.

Cəmiyyət 2019-08-09 12:20:00