×
A
A
A
Sazlamalar

“Mərdəkan” təchizat-yedək gəmisi əsaslı təmir olunub

Bakı, 9 avqust, Elvin Camalov, AZƏRTAC

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Xəzər Dəniz Neft Donanmasına məxsus “Mərdəkan” təchizat-yedək gəmisi əsaslı təmir olunub.
ASCO-dan AZƏRTAC-a bildirilib ki, “Bibiheybət” Gəmi Təmiri Zavodunda aparılan işlər vaxtında və yüksək keyfiyyətlə başa çatdırılıb.
Proses zamanı braşpil qurğusu, su-yağ soyuducuları, on ədəd nasos, hava balonları, boru sistemləri (armaturları ilə birlikdə), su keçirməyən qapıların, illüminatorların, dayanacaq mühərriklərinin generatorlarının və mexanizmlərin elektrik idarəetmə və qorunma sistemləri təmir edilib. Bundan başqa, bioloji qurğu tamamilə demontaj olunub, əvəzində yeni 87,79 kubmetr həcmində ballast çəninin fekal-çirkab su çəni kimi istifadəsi təmin olunub.
Həmçinin işçi heyətin yaşayış şəraitini yaxşılaşdırmaq üçün yeməkxana, sanitar qovşaqlar, istirahət otağı və kayutlarda lazımi təmir işləri aparılıb. Tərsanə təmiri zamanı isə gəminin hərəkət-sükan kompleksi, dib-yan armaturları, protektor qurğuları cari təmir edilib. Gövdənin sualtı və suüstü hissəsində zədələnmiş sahələr dəyişdirilib. Bundan əlavə, gövdənin qorunması üçün cizgi əsasında yeni metal qoruyucu tirlər quraşdırılıb, baş göyərtədə lövbərlərin qoyulması üçün taxta döşəmə metal lövhə ilə əvəz olunub. Gövdə təmir işləri başa çatdırıldıqdan sonra gəmi üzrə rəngləmə işləri yerinə yetirilib.
Təmirdən sonra gəmi dəniz sınağına çıxarılıb və sınaq işləri uğurla başa çatdırılıb.
Məlumat üçün bildirək ki, gəminin uzunluğu 60 metr, eni 16 metr, sürəti 13 uzeldir. “Mərdəkan” gəmisinin dedveyti 1810 ton, dartma qüvvəsi 75 tondur. Gəminin texniki xüsusiyyətləri sərt hava şəraitində dənizdəki platformalara yan almadan yükləmə-boşaltma əməliyyatlarını təhlükəsiz şəraitdə yerinə yetirməyə imkan verir.
Təchizat-yedək gəmiləri yanacaq, içməli su, qazma məhlulları, quru yük, konteyner, borular və bu kimi digər müxtəlif yükləri qəbul etmək üçün geniş göyərtəyə və böyük həcmli yük tanklarına malikdir.

 

Nəqliyyat 2019-08-09 11:54:00