×
A
A
A
Sazlamalar

Milli Məclisin Komitə sədri Əli Hüseynli: Prokurorluq orqanları hüquq-mühafizə sahəsində islahatların önündədir YENİLƏNİB

Bakı, 9 avqust, AZƏRTAC 

Avqustun 9-da prokurorluq orqanlarına işə qəbulla bağlı növbəti test imtahanı keçirilib.
AZƏRTAC xəbər verir ki, prokurorluq orqanlarında işə növbəti qəbul Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında” Əsasnaməyə müvafiq olaraq təşkil edilib.
Müsabiqə vakant 80 ştat vahidi üzrə elan edilib. İmtahanın tam şəffaf və aşkarlıq şəraitində, beynəlxalq standartlara uyğun keçirilməsi məqsədilə dövlət qurumlarının, qeyri-hökumət və beynəlxalq təşkilatların nümayəndələri müşahidə ediblər.
İmtahanın əhəmiyyətini qeyd edən Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib ki, artıq uzun illərdir Azərbaycanda prokurorluq orqanlarına işə qəbul məhz bu cür şəffaf yolla həyata keçirilir. Prokurorluq orqanlarında islahatların yeni mərhələsi məhz 2000-ci ilin əvvəllərindən başlayıb. Müsabiqə yolu ilə prokurorluq orqanlarına işə qəbul əlbəttə ki, bu orqanda çalışan Azərbaycan gənclərində hüquq-mühafizə orqanlarına, xüsusilə prokurorluq orqanlarına inamı və etimadı yüksəldib. Bu yaxınlarda Prezident İlham Əliyev məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsilə bağlı fərmanı imzalayıb və prokurorluq orqanları həmışə olduğu kimi hüquq-mühafizə sahəsində islahatların önündədir. Əminik ki, şəffaf üsullarla prokurorluq orqanlarına işə qəbul olunan gənclər prokurorluqda şərəflə xidmət edəcəklər, insan hüquqlarının qorunmasında fəal iştirak edəcəklər. Ölkəmizdəki ictimai-siyasi sabitliyin qorunmasında prokurorluq orqanlarının müstəsna xidməti vardır. Son illər isə ölkəmizdə həyata keçirilən korrupsiyaya qarşı mübarızədə də prokurorluq orqanları öndədir. Bir daha vurğulamaq istəyirəm ki, məhz belə şəffaf üsullarla həyata keçirilən test imtahanları nəticəsində yüksək peşəkarlığa, bilik və bacarığa malik olan əməkdaşlar ölkəmizdə həyata keçirilən hüquqi islahatlara öz töhfələrini verəcəklər. Gənclərə uğurlar arzulayıram. Əminəm ki, ən biliklilər, ən bacarıqlılar öndə olacaq və prokurorluq orqanlarında işə qəbul olunacaqlar.
Baş prokurorun müavini, müsabiqə komissiyasının sədri Namiq Əsgərov jurnalistlərə müsahibəsində bildirib ki, 2002-ci ildən başlayaraq prokurorluq orqanlarına işə qəbul yalnız müsabiqə vasitəsilə həyata keçirilir. Bugünkü imtahanda 258 nəfər iştirak edib. Müsabiqə yolu ilə həyata keçirilən qulluğa qəbul prokurorluğun kadr tərkibinin hərtərəfli biliyə və yüksək mənəvi keyfiyyətlərə malik, dövlətçilik ideyalarına sədaqətləri ilə seçilən gənc mütəxəssislər hesabına komplektləşdirilməsi üçün geniş imkanlar yaradıb. Ölkə həyatının bütün sahələrində gənclərin əməyindən hərtərəfli istifadə edilməsinə dair dövlətimizin başçısının verdiyi tapşırıqların icrası istiqamətində mühüm vasitə olub. 2002-ci ildən başlayaraq keçirilən 19 müsabiqə əsasında prokurorluq işçilərinin 67 faizini təşkil edən 873 gənc hüquqşünasın işə qəbul olunması aparılan uğurlu islahatların məntiqi nəticəsidir.
Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti, Ədliyyə naziri yanında ictimai komitənin üzvü Rauf Zeyni deyib ki, bu gün dövlətimizin başçısının şəffaflıq və ictimai nəzarətlə əlaqədar tələblərindən irəli gələrək Baş Prokurorluq tərəfindən tam aşkarlıq şəraitində və vətəndaş cəmiyyəti nümayəndələrinin fəal iştirakı ilə növbəti müsabiqə keçirilir. Hazırda prokurorluq orqanlarında işləyənlərin 70 faizini gənc kadrlar təşkil edirlər. Prokurorluğa böyük marağın səbəbi onun cəmiyyətdə nüfuzu və imtahanların obyektivliyinə inamla əlaqədardır. Vətəndaş cəmiyyətinin və qeyri-hökumət təşkilatlarının nümayəndələri də beynəlxalq tələblərə uyğun keçirilən bu imtahan prosesini yüksək qiymətləndirirlər. Prokurorluq orqanlarına yeni gənc kadrların cəlb olunması onun işinin səmərəli təşkilindən xəbər verir.
İmtahanın nəticələri Dövlət İmtahan Mərkəzinin və Baş Prokurorluğun saytlarında yerləşdirilib.

Sosial 2019-08-09 11:40:00