×
A
A
A
Sazlamalar

Səyyar vergi yoxlamaları 2,7 dəfə azalıb

Bakı, 8 avqust, AZƏRTAC
Vergilər Nazirliyi vergi öhdəliklərinə könüllü əməletmə səviyyəsinin yüksəldilməsinə çalışır. Bizim məqsədimiz yoxlama aparmaq deyil, vergiödəyicisini nəzarət tədbirlərinə məruz qoymadan öz öhdəliyini vaxtında və tam həcmdə yerinə yetirməsinə nail olmaqdır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Vergilər nazirinin müşaviri Xəqani Abdullayev bildirib.
Nazirlik rəsmisi diqqətə çatdırıb ki, vergi orqanlarının işçi heyətinin sayı təxminən 2300 nəfər təşkil edir, aktiv vergiödəyicilərinin sayı isə 450 mini keçir. “Belə olan halda, istəsəniz də bu sayda ödəyicini yoxlanışa cəlb edə bilməzsiniz. Bu baxımdan, vergi orqanları daha çox müasir rəqəmsal texnologiyalardan istifadə etməklə məsafədən nəzarət imkanlarını artırmağa çalışırlar. Bu, daha effektiv yoldur, eyni zamanda, vergiödəyicisinin birbaşa fəaliyyətinə müdaxilə etmədən həyata keçirilən üsuldur. Bu gün vergi yoxlaması yalnız fəaliyyətində əhəmiyyətli yayınmalara şübhə yaranan ödəyicilərdə təyin edilir”, - deyə X.Abdullayev vurğulayıb.
O qeyd edib ki, vergi daxilolmalarında yüksək artım tempi vergi nəzarəti tədbirlərinin sayının xeyli azalması şəraitində baş verir. Belə ki, cari ilin 6 ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə səyyar vergi yoxlamalarının sayı 2,7 dəfə, 2017-ci ilin müvafiq dövrünə nisbətən isə 6 dəfə azalıb. “Əvəzində isə qeyri-neft sektorunda könüllü şəkildə ödənilən vergilərin cəminin xüsusi çəkisi qeyri-neft vergi daxilolmalarında 92 faizi ötüb. Bu göstəricinin əhəmiyyətli dərəcədə yüksəlməsi məhz vergi yoxlamalarının azalması şəraitində müşahidə olunub. Bütün bunlar şəffaflaşma üçün verilmiş vergi stimullarının tətbiqi, vergiödəyiciləri ilə vergi orqanları arasında şəffaf münasibətlərin formalaşmağa başlaması, vergiödəyicilərinə göstərilən xidmətlərin çeşidinin genişlənməsi və keyfiyyətinin artırılması, habelə vergi inzibatçılığı sahəsində davamlı olaraq köklü islahatların aparılması ilə bağlıdır”, - deyə nazir müşaviri deyib.

Maliyyə 2019-08-08 18:26:00