×
A
A
A
Sazlamalar

Göygöl rayonunda kompleks mülki müdafiə təlimi keçirilib

Bakı, 8 avqust, AZƏRTAC 

Azərbaycan Respublikasının 2019-cu il üçün Mülki müdafiə tədbirləri planına müvafiq olaraq, avqustun 7-8-də Göygöl rayonunda “İrimiqyaslı fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda kompleks mülki müdafiə təlimi keçirilib.
Fövqəladə Hallar Nazirliyindən (FHN) AZƏRTAC-a bildiriblər ki, kompleks təlimə rayon icra hakimiyyətinin mərkəzi aparatı, rayonun fövqəladə hallar komissiyası, mülki müdafiə xidmətləri, ərazi və obyekt mülki müdafiə qüvvə və vasitələri, təsərrüfat obyektləri, eləcə də FHN-in, Dövlət Yanğından Mühafizə Xidmətinin və Gəncə Regional Mərkəzinin şəxsi heyəti və texnikası cəlb olunub.
Kompleks təlimin keçirilməsində məqsəd mülki müdafiə idarəetmə orqanlarının, fövqəladə hallar komissiyalarının fövqəladə hallar zamanı əhalinin və ərazilərin mühafizəsinin təşkili ilə bağlı mülki müdafiə tədbirlərinin yerinə yetirilməsindən, mülki müdafiə idarəetmə orqanlarının və rəhbər heyətin mülki müdafiə qüvvələrinin idarə olunması zamanı vaxtında və düzgün qərarların qəbul edilməsi, həmçinin xilasetmə işlərinin təşkili və aparılması üzrə əməli vərdişlərinin aşılanmasından ibarət olub.
Təlimin keçirilməsində əsas diqqət komandir-rəis heyətinin idarəetmə bacarıqlarının, eləcə də mülki müdafiə dəstələrinin şəxsi heyətinin peşəkarlıq səviyyəsinin artırılmasına, Fövqəladə Hallar Nazirliyinin qüvvələri ilə hərbiləşdirilməmiş mülki müdafiə dəstələri arasında qarşılıqlı fəaliyyətin əlaqələndirilməsi, əməliyyat qərargahının işinin təşkili, xilasetmə və digər təxirəsalınmaz işlərin aparılması zamanı təhlükəsizlik qaydalarına ciddi riayət olunmasına yönəldilib.
Kompleks təlimə rayonun hərbiləşdirilməmiş mülki müdafiə dəstələrinin 254 nəfərlik şəxsi heyəti, 56 texnikası, həmçinin FHN-in Gəncə Regional Mərkəzinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin texnikası cəlb edilib. Təlimin gedişində rayonun mülki müdafiə dəstələri və xidmətlərinin qarşılıqlı fəaliyyəti təşkil edilib və qarşıya qoyulmuş məqsədə nail olunub.

Sosial 2019-08-08 18:06:00