Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

“Aqrar Tədarük və Təchizat” ASC ilə KOICA arasında görüş keçirilib

Bakı, 8 avqust, AZƏRTAC

Kənd Təsərrüfatı Nazirliyi yanında “Aqrar Tədarük və Təchizat” Açıq Səhmdar Cəmiyyəti ilə Cənubi Koreyanın Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA) arasında görüş keçirilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə hər iki qurum arasında əldə edilmiş razılığa əsasən ölkəmizdə tədarük və təchizat sisteminin daha da təkmilləşdirilməsi məqsədilə Cəmiyyətin əməkdaşları üçün Cənubi Koreyada keçiriləcək təlimin təfərrüatları müzakirə edilib, təlim iştirakçılarına ilkin məlumatlar təqdim olunub.
Bildirilib ki, təlim proqramının icraçı agentliyi Hankyong Dövlət Universitetidir. İki həftəlik təlim proqramında Cənubi Koreya və bu ölkənin vilayətlərində ərzaq məhsullarının tədarükü və təchizatı sistemi, bu sahədə qanunvericilik, heyvandarlıq sahəsində ümumi idarəçilik sistemindən faydalanma, Gyeonggi şəhərində sertifikasiya sistemi, Koreya Akkreditasiya və Xidmət Agentliyinin (KAHAS) funksiyaları, hərbi bazada ərzaq məhsullarının tədarükü və təchizatı, məktəblərdə ərzaq sistemi üzrə anlayışlar, Koreyada qida təhlükəsizliyi və digər mövzularda universitetin professorları tərəfindən mühazirələr oxunacaq.
Proqram iştirakçıları bu sahədə ölkəmizdə cari vəziyyəti, ərzaq məhsullarının tədarükü və təchizatı sahəsində görülən işləri özündə ehtiva edən hesabat hazırlayacaq. Qarşılıqlı əməkdaşlıq çərçivəsində cənubi koreyalı mütəxəssislər öz təcrübələrini bölüşəcək, Azərbaycanda tədarük və təchizat sisteminin daha da inkişaf etdirilməsi üçün təkliflər hazırlayacaq. Bundan başqa, təlim proqramının iştirakçıları koreyalı professorların rəhbərliyi altında Fəaliyyət Planı işləyəcəklər. Bu plan proqram iştirakçıları üçün ölkə hesabatında müəyyən edilmiş məsələlərin həll yollarının tapılmasında əsas sənədlərdən biri olacaq.
Qeyd edək ki, Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) Azərbaycandakı nümayəndəliyinin təşkilatçılığı ilə bu il avqustun 18-dən 31-dək Cənubi Koreyada “Azərbaycanda Ərzaq Məhsullarının Tədarükü və Təchizatı Sisteminin Təkmilləşdirilməsi (1-ci il)” təlim proqramı keçiriləcək. Proqramda “Aqrar Tədarük və Təchizat” ASC-nin müvafiq sahələr üzrə 12 əməkdaşı iştirak edəcək.

Cəmiyyət 2019-08-08 18:02:00