×
A
A
A
Sazlamalar

Pambıq tədarükü zamanı yanğın təhlükəsizliyinə dair regional seminar-müşavirələr keçirilib

Bakı, 8 avqust, AZƏRTAC 

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin Muğan və Qarabağ regional Dövlət Yanğın Nəzarəti idarələri pambıq tədarükü zamanı yanğın təhlükəsizliyinin təmin olunması məqsədilə avqustun 8-də Sabirabad və Bərdə şəhərlərində regional seminar-müşavirələr keçirib.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, “Pambıq tədarükü və emalı zamanı yanğın təhlükəsizliyi tələbləri” mövzusunda keçirilən tədbirlərdə xam pambığın yığılmasına, daşınmasına və emalına cəlb olunacaq kənd təsərrüfatı maşınlarının ilkin yanğınsöndürmə vasitələri, qığılcımsöndürənlər və süpürgələrlə təmin edilməsinin vacibliyi diqqətə çatdırılıb. Həmçinin pambıq tarlalarının, pambıqqurutma meydançalarının ərazisində və yaxınlığında tonqal qalanmasına, açıq oddan istifadə edilməsinə, siqaret çəkilməsinə icazə verilməməsinin, su mənbələrinə yolların salınmasının, hovuzların yanında avtomobillərin manevr etməsi üçün meydançaların yaradılmasının zəruriliyi vurğulanıb.
Tədbirlərdə Sabirabad və Bərdə Rayon İcra hakimiyyətləri başçılarının müavinləri, icra nümayəndələri, bələdiyyə sədrləri, Dövlət Aqrar İnkişaf Mərkəzinin, xidməti ərazidə yerləşən pambıq tədarükü məntəqələrinin, pambıq emalı zavodlarının və digər aidiyyəti qurumların məsul şəxsləri, həmçinin sahibkarlar iştirak ediblər.

Sosial 2019-08-08 16:56:00