×
A
A
A
Sazlamalar

Azərbaycanın qəzaya uğramış “MiQ-29” təyyarəsinin axtarışında Rusiya da iştirak edəcək

Bakı, 8 avqust, AZƏRTAC

Rusiyanın Xəzər dənizi filotiliyası Azərbaycan Ordusunun qəzaya uğramış “MiQ-29” təyyarəsinin axtarışında iştirak edəcək.
AZƏRTAC “RİA Novosti”yə istinadla xəbər verir ki, bunu Cənub Hərbi Dairəsinin mətbuat katibi Vadim Astafyev jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, axtarış qrupuna 50-yə yaxın şəxsi heyət, “Anatoli Qujvin” hidroqrafiq gəmisi, “SB-45” xilasetmə buksir gəmisi, dənizin dibində axtarışların aparılması üçün istifadə olunan mobil kompleks, axtarışların idarə edilməsi üçün “Flakon” aparatı və digər avadanlıq daxildir. Axtarış bölgəsinin ərazisi 600 kvadrat kilometrdən çox, dərinliyi isə 40 metrdir.
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti bu faktı AZƏRTAC-a təsdiqləyib.
Qeyd edək ki, iyulun 24-də saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. İlkin ehtimala görə aviasiya qəzası nəticəsində hərbi təyyarə Xəzər dənizinə düşüb. Pilotun axtarışı və xilas edilməsi üçün təxirəsalınmaz tədbirlər həyata keçirilir.
İyulun 31-də Bakıya gələn Türkiyə Respublikasının aidiyyəti qurumlarının xüsusi avadanlıq və qurğularla təchiz edilmiş mütəxəssisləri təlim-məşq uçuşları zamanı qəzaya uğramış hərbi təyyarənin axtarışı üzrə keçirilən əməliyyatlara cəlb olunub.

Ordu 2019-08-08 16:28:00