×
A
A
A
Sazlamalar

FHN-in Sumqayıt Regional Mərkəzi dəyirmi masa keçirib

Bakı, 7 avqust, AZƏRTAC 

Fövqəladə Hallar Nazirliyinin (FHN) Sumqayıt Regional Mərkəzi avqustun 7-də Xızı Rayon İcra Hakimiyyətinin Altıağac qəsəbəsində “Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində Sumqayıt Regional Mərkəzi ilə yerli özünüidarəetmə orqanları arasında qarşılıqlı fəaliyyətin təşkili” mövzusunda dəyirmi masa keçirib.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, “dəyirmi masa”da Sumqayıt Regional Mərkəzi ilə yerli özünüidarəetmə orqanları arasında qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsinin əhəmiyyətindən, həmçinin qarşıya çıxan problemlərdən söz açılıb.
Tədbirdə çıxış edənlər fövqəladə hallar orqanları ilə yerli özünüidarəetmə orqanlarının mümkün əməkdaşlıq sahələri barədə məlumat verib və fövqəladə halların nəticələrini aradan qaldırmaqla yanaşı, qarşısının alınmasında birgə çalışmağın daha faydalı olduğunu diqqətə çatdırıblar.
Toplantıda FHN-in Sumqayıt Regional Mərkəzinin monitorinq qruplarının Altıağac qəsəbəsi ərazisində müxtəlif vaxtlarda keçirdiyi monitorinqlərin nəticələrindən bəhs edən fotoslaydlar nümayiş olunub, problemlərdən söz açılıb.
Sonda əhalinin və ərazilərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə aparılmış monitorinqlərə, həmçinin ərazidə görülməsi vacib olan təhlükəsizlik tədbirlərinə dair fikir mübadiləsi aparılıb.
Dəyirmi masada tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, maarifləndirmə xarakterli təbliğat materialları, yaddaş kitabçaları və bukletlər paylanıb.
Tədbirdə FHN-in Sumqayıt Regional Mərkəzinin, Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin, Xızı Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları, yerli icra və özünüidarəetmə orqanlarının nümayəndələri iştirak ediblər.

Sosial 2019-08-07 19:11:00