×
A
A
A
Sazlamalar

Yevlaxda pambıq tədarükü zamanı yanğın təhlükəsizliyi məsələləri müzakirə olunub

Bakı, 7 avqust, AZƏRTAC 

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin Aran regional Dövlət Yanğın Nəzarəti İdarəsi avqustun 7-də pambıq tədarükü zamanı yanğın təhlükəsizliyinin təmin olunması məqsədilə Yevlaxda regional seminar-müşavirə keçirib.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, “Pambıq tədarükü və emalı zamanı yanğın təhlükəsizliyi tələbləri” mövzusunda keçirilən regional seminar-müşavirədə xam pambığın yığılmasına, daşınmasına və emalına cəlb olunacaq kənd təsərrüfatı maşınlarının ilkin yanğınsöndürmə vasitələri, qığılcımsöndürənlər və süpürgələrlə təmin edilməsinin vacibliyi diqqətə çatdırılıb. Həmçinin pambıq tarlalarının, pambıqqurutma meydançalarının ərazisində və yaxınlığında tonqal qalanmasına, açıq oddan istifadə edilməsinə, siqaret çəkilməsinə icazə verilməməsinin, su mənbələrinə yolların salınmasının, hovuzların yanında avtomobillərin manevr etməsi üçün meydançaların olmasının zəruriliyi vurğulanıb.
Tədbirdə Yevlax, Tərtər və Goranboy Rayon İcra hakimiyyətləri başçılarının müavinləri, icra nümayəndələri, bələdiyyə sədrləri, xidməti ərazidə yerləşən pambıq tədarükü məntəqələrinin, pambıq emalı zavodlarının və digər aidiyyəti qurumların məsul əməkdaşları, sahibkarlar iştirak ediblər.

Sosial 2019-08-07 17:28:00