×
A
A
A
Sazlamalar

Lerikdə keçirilən konfransda dini maarifçiliyin təşkilində qadınların rolundan danışılıb

Bakı, 7 avqust, AZƏRTAC
Avqustun 6-7-də Lerikdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Lerik Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “Dini maarifçiliyin təşkilində qadınların yeri və rolu” mövzusunda regional konfrans keçirilib.
Komitədən AZƏRTAC-a bildiriblər ki, konfransda Lerik RİH və DQİDK-nın rəsmi nümayəndələri, eləcə də idarə, təşkilatlarda, təhsil, səhiyyə və mədəniyyət müəssisələrində çalışan qadınlar və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən Lerik RİH başçısının müavini Arzu Vəliməmmədova mövzunun aktuallığından danışaraq cəmiyyətdə dini radikalizmə qarşı mübarizənin əhəmiyyətini qeyd edib. Bildirib ki, dini radikalizmin geniş yayıldığı cəmiyyətlərdə xaos yaranır, dinlər və məzhəblər arasında münaqişələr baş verir. Bu münaqişələrin yaratdığı fəsadlar cəmiyyətin bütün sahələrində inkişafa mane olur, ölkənin infrastrukturunu məhv edir. Ölkəmizin nümunəvi dövlət-din münasibətlərindən danışan A.Vəliməmmədova dini maarifləndirmə işinin davam etdirilməsinin zəruriliyini vurğulayıb. Qeyd edib ki, cəmiyyətimizin bütün sahələrində yüksək səviyyədə təmsil olunan qadınlar dini maarifləndirmə işinə də öz dəyərli töhfələrini verirlər.
Daha sonra Dövlət Komitəsinin Təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Elnarə Kərimova “Dini maarifçiliyin təşkilində qadınlar” mövzusunda məruzə ilə çıxış edib. Şöbə müdiri çıxışında radikalizmin meydana çıxma səbəblərini siyasi, hüquqi, iqtisadi, dini, mədəni və fəlsəfi təzahürlərlə izah edib. O bildirib ki, müasir dövrdə dövlətin, dini icmaların, eləcə də cəmiyyətin hər bir fərdinin başlıca vəzifələrindən biri insanlararası münasibətlərdə qarşılıqlı anlayışa nail olunması, müxtəlif din və mədəniyyətlərə mənsub insanların sülh şəraitində birgəyaşayışının təmin edilməsidir. Təbii ki, cəmiyyətdə dözümsüzlük, fanatizm, ekstremizm, bir sözlə radikallıq meyilləri baş qaldırarsa, insanlar arasında münasibətlər kəskinləşər və yeni münaqişə ocaqları yaranar.
Dini radikalizmin metodologiyası və cəlbetmə üsullarına da toxunan E.Kərimova şəxslərin dini ekstremist cərəyanlara cəlb edilməsinin bir neçə mərhələdə həyata keçirildiyini diqqətə çatdırıb. Dini radikalizmə qarşı mübarizədə və maarifləndirmədə qadınların xüsusi rolu olduğunu deyən şöbə müdiri hər bir qadının təhsilli olmasının, öz hüquqlarını bilməsinin, düzgün dini bilgilərə malik olmasının, milli-mənəvi dəyərlərimizə bağlılığının cəmiyyətin sağlam gələcəyinin təminatı olduğunu qeyd edib.
DQİDK-nın İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Yaqut Əliyeva “Erkən nikah və onun fəsadları” mövzusunda təqdimatla çıxış edib. Təqdimatda erkən nikahla bağlı ölkə qanunvericiliyində təsbit olunan hüquqi prosedurlar, problemin yaranmasının səbəbləri, aparılan araşdırmalar və statistik göstəricilər haqqında ətraflı məlumat verilib. Y.Əliyeva erkən nikaha zəmin yaradan səbəblər - təhsildən uzaqlaşma, uzun illərdir formalaşmış stereotiplər, ailələrin “qayda-qanun”ları, maddi vəziyyət, eləcə də erkən nikahın törətdiyi fəsadlar - ailədaxili zorakılıq hallarının, ana və uşaq ölümlərinin, boşanmaların sayının artması, qadınlarda müxtəlif psixoloji, fizioloji xəstəliklərin yaranması və digər problemlər haqqında danışıb. Qeyd edib ki, erkən nikah, ilk növbədə, insan hüquqlarının ciddi şəkildə pozulmasıdır və problemin yaranmasında valideynlərlə yanaşı, gənclərin təhsil aldığı məktəb, ətrafdakı insanlar, ictimaiyyət də məsuliyyət daşıyır. Y.Əliyeva dünyəvi təhsilin və ictimai qınağın problemin həll olunmasına çox böyük fayda ola biləcəyini diqqətə çatdırıb, qızların təhsil almasının, yaxud hansısa bir sənət sahibi olmasının vacibliyini vurğulayıb.
Erkən nikahlar, nikahdan kənar doğulan körpələrlə bağlı statistik məlumatları açıqlayan Y.Əliyeva bu halların ölkənin gələcək inkişafına zərbə vuran, əhalinin genefondunun zədələnməsinə səbəb olan amillər olduğunu, bu kimi faktların qarşısının alınmasında ictimaiyyətin, xüsusən qadınların çox böyük rolunun olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.
DQİDK-nın əməkdaşı Aysel Abdullayeva isə “Xurafat: necə və nə etməli” mövzusundakı təqdimatında xurafat və onun törətdiyi fəsadlara toxunub. Xurafatın zərərləri ilə bağlı nümunələr gətirən A.Abdullayeva onun cəmiyyətin inkişafına mane olduğunu və qarşısının alınmasında maarifləndirmənin, İslami dəyərlərin düzgün formada, olduğu kimi təbliğ edilməsinin əhəmiyyətini qeyd edib. Eyni zamanda, yas mərasimlərində yol verilən hədsiz israfçılıqdan söhbət açaraq bildirib ki, yas mərasimləri ilə bağlı bütün İslam alimləri, ictimai xadimlər, eləcə də Qafqaz Müsəlmanları İdarəsi də fətva ilə çıxış edərək, israfdan uzaq, İslam dininə uyğun mərasimlərin keçirilməsini tövsiyə edir.
İkigünlük regional konfrans müzakirələrlə öz işini yekunlaşdırıb.

Din 2019-08-07 15:34:00