×
A
A
A
Sazlamalar

Son dörd ayda 107 küçə və prospektdə piyada keçidləri iki komponentli boyalarla rənglənib

Bakı, 7 avqust, AZƏRTAC

Paytaxtın inzibati ərazisindəki yol kəsişmələrində nişanlanma xətləri, xüsusən də eynisəviyyəli piyada keçidlərinin iki komponentli boya ilə əvəzlənməsinə başlanılıb.
Bakı Nəqliyyat Agentliyindən AZƏRTAC-a bildirilib ki, məqsəd yol hərəkəti təhlükəsizliyi səviyyəsinin artırılmasıdır. Yeniliyin tətbiqi ilə piyadaların təhlükəsiz, fasiləsiz və rahat hərəkətini daha yaxşı təmin etmək mümkün olacaq.
İki komponentli boyaların əsas üstünlükləri yüksək işıqqaytarıcılıq keyfiyyəti, uzun müddətli qalıcılıq və daha asan yuyula bilən olmasıdır.
İşıqqaytarıcılığın artırılması üçün boyaya xüsusi şüşə kürəcikləri də əlavə edilir. Bu da həm günün qaranlıq saatlarında, həm də görüntünün məhdud olduğu pis hava şəraitində yol nişanlamalarının daha görünən olmasına imkan verir. İki komponentli boyalar daha qalın olur və soyuq boyaya nisbətən uzun müddət keyfiyyətini itirmir.
Artıq 14 küçə və prospektdə qeyd edilən işlər yekunlaşdırılıb. Ümumilikdə son 4 ay ərzində Agentlik tərəfindən 107 küçə və prospektdə eyni səviyyəli piyada keçidləri yenilənib.

Nəqliyyat 2019-08-07 13:57:00