×
A
A
A
Sazlamalar

Bir gündə “Mazımçay” gömrük postundan ümumilikdə 900 nəqliyyat vasitəsi keçib

Bakı, 6 avqust, AZƏRTAC

Son günlərdə turist axınının və səyahətçilərin sayının artması Qərb Ərazi Baş Gömrük İdarəsinin “Mazımçay” gömrük postunda zaman-zaman nisbi sıxlıqların yaranmasına səbəb olub.
Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, gündəlik iş rejimində “Mazımçay” gömrük postunun idxal və ixrac nəzarət xətləri ilə ümumilikdə 400 nəqliyyat vasitəsi sərhədi keçirdisə, ötən gün bu gömrük postu vasitəsilə gömrük nəzarəti təmin edilməklə 440 nəqliyyat vasitəsi ölkə ərazisinə daxil olub, 460 avtomobil isə ölkəni tərk edib.
Avqustun 6-da günün birinci yarısına qədər isə 194 nəqliyyat vasitəsinin ölkə ərazisinə girişi, 191-nin isə çıxışı təmin olunub.
Hazırda “Mazımçay” gömrük postu gücləndirilmiş iş rejimində fəaliyyət göstərir, sərnişinlərin və nəqliyyat vasitələrinin sürətli şəkildə sərhədi keçməsi üçün bütün lazımi tədbirlər həyata keçirilir.
Qeyd edilib ki, hər il turizm mövsümündə, xüsusilə avqust ayında ölkə ərazisinə gediş-gəlişlərdə ciddi artım müşahidə olunur. Turizm sektorunun inkişafı ilə bağlı həyata keçirilən tədbirlər, eyni zamanda, ölkə iqtisadiyyatındakı ciddi inkişaf bu il həm turistlərin, həm də dincəlmək üçün xarici ölkələrə səyahət edən ölkə vətəndaşlarının sayının daha da artmasına səbəb olub.

 

Nəqliyyat 2019-08-06 18:52:00