×
A
A
A
Sazlamalar

Pambıq tədarükü zamanı yanğın təhlükəsizliyinin təmin olunması məqsədilə seminar-müşavirə keçirilib

Bakı, 6 avqust, AZƏRTAC 

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin Şimal-Qərb Regional Dövlət Yanğın Nəzarəti İdarəsi avqustun 6-da pambıq tədarükü zamanı yanğın təhlükəsizliyinin təmin olunmasına dair Ağdaşda seminar-müşavirə keçirib.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, tədbirdə pambıq əkini aparmış Ağsu və Ağdaş rayonlarının yerli icra hakimiyyətləri orqanlarının və bələdiyyələrin nümayəndələri, sahibkarlar və aidiyyəti məsul şəxslər iştirak ediblər.
“Pambıq tədarükü və emalı zamanı yanğın təhlükəsizliyi tələbləri” mövzusunda keçirilən seminar-müşavirədə xam pambığın yığılmasına, daşınmasına və emalına cəlb olunacaq kənd təsərrüfatı maşınlarının ilkin yanğınsöndürmə vasitələri, qığılcımsöndürənlər və süpürgələrlə təmin edilməsinin vacibliyi diqqətə çatdırılıb. Həmçinin pambıq tarlalarının, pambıqqurutma meydançalarının ərazisində və yaxınlığında tonqal qalanmasına, açıq oddan istifadəyə, siqaret çəkilməsinə icazə verilməməsinin zəruriliyi vurğulanıb. Su mənbələrinə yolların salınmasının, hovuzların yanında avtomobillərin dönə və manevr edə bilməsi üçün meydançaların olmasının vacibliyi qeyd edilib.

Sosial 2019-08-06 15:12:00