×
A
A
A
Sazlamalar

Qəbələ rayonunda toy məclisində baş verən kütləvi zəhərlənmə ilə əlaqədar cinayət işi başlanıb

Bakı, 6 avqust, AZƏRTAC

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi və Baş Prokurorluğu Qəbələ rayonunun Zərgərli kəndində toy məclisində baş verən kütləvi zəhərlənmə hadisəsi ilə bağlı birgə məlumat yayıblar.
Hər iki qurumun mətbuat xidmətlərinin AZƏRTAC-a daxil olan birgə məlumatında bildirilir ki, avqustun 5-də Qəbələ rayonunun Zərgərli kəndində Həsən Əsgərovun həyətində təşkil olunmuş toy məclisində iştirak edən təxminən 500 qonaqdan 89-u (19-u qadın, 8-i yetkinlik yaşına çatmayan) qida zəhərlənməsi diaqnozu ilə müalicə müəssisələrinə müraciət edib.
Rayon Polis Şöbəsinin və prokurorluğunun əməkdaşlarının, eləcə də Qida Təhlükəsizliyi Agentliyinin Şəki regional bölməsinin əməkdaşlarının iştirakı ilə dərhal hadisə yerinə baxış keçirilib. Toy məclisində verilmiş ayrı-ayrı qida məhsullarından nümunələr qablaşdırılaraq götürülüb və digər zəruri istintaq hərəkətləri yerinə yetirilib.
Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 200.3-cü (bilə-bilə pis keyfiyyətli məhsulların istehsalı, satışa buraxılması və ya belə məhsulların satışı, onların keyfiyyətsiz olmasının gizlədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda) və 314.1-ci (səhlənkarlıq) maddələri ilə cinayət işi başlanıb, insanların zəhərlənmə səbəblərinin və digər halların müəyyənləşdirilməsi məqsədilə müvafiq ekspertizalar təyin edilib.
İlkin araşdırma zamanı müəyyən olunub ki, qonaqlar toy məclisində müxtəlif qida və içki məhsulları (kabablar, toyuq əti, salatlar, qarpız, üzüm, düşes, kompot və sair) qəbul etdikdən sonra halları pisləşib, dərhal rayon mərkəzi xəstəxanasına və Qəbələ Rayon Müalicə Diaqnostika Mərkəzinə müraciət ediblər.
Hadisə zamanı zərər çəkmiş şəxslərin xəstəxanalara yerləşdirilməsi təmin olunub. Onlardan 88-i ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Bir nəfərin müalicəsi stasionar şəraitdə davam etdirilir.
Hazırda iş üzrə təqsirkar şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq hərəkətləri davam etdirilir.
Birgə məlumatda xüsusi vurğulanıb ki, qida təhlükəsizliyinə və qida məhsulları istehlakçılarının hüquqlarının pozulmasına yönəlmiş qanun pozuntularının qarşısının alınması istiqamətində bundan sonra da ən ciddi tədbirlər görüləcək.

Sosial 2019-08-06 11:12:00