×
A
A
A
Sazlamalar

Yerli xalqlar dünya əhalisinin cəmi 5 faizi qədərdir

Bakı, 5 avqust, AZƏRTAC
Yerli xalqlar dünya əhalisinin cəmi 5 faizi qədərdir və onların sayı 370 milyon nəfərə çatır. Planetdə yoxsul insanların da 15 faizi bu xalqların təmsilçiləridir. AZƏRTAC xəbər verir ki, bu rəqəmlər BMT-nin Beynəlxalq Yerli Xalqlar Günü ərəfəsində dərc olunmuş hesabatında göstərilib.
Hesabatda qeyd olunub ki, yerli xalqlar 5 min müxtəlif mədəniyyətin və ümumi sayı təxminən 7 minə çatan dünya dillərinin daşıyıcılarıdır. Onlar əcdadlarının miras qoyduqları unikal mədəniyyətləri yaşadırlar. Bu, həmçinin insanın təbiətə münasibətində də özünü göstərir. Mədəni fərqlərə baxmayaraq, yerli xalqların hamısının qarşısında duran ümdə vəzifə öz tarixi adət-ənənələrini və məişətini yaşatmaqdır. Lakin BMT ekspertlərinin qənaətinə görə, onlardan bir çoxunun hüquqları kobud şəkildə pozulur. Beynəlxalq ictimaiyyət bu problemin mövcudluğunu etiraf edir və özünəməxsusluğunu qoruyub saxlamaqda yerli xalqlara kömək etməyi prioritet vəzifə kimi irəli sürür.
BMT-nin ekspertləri bildirirlər ki, torpaqlarını, təbii ehtiyatlarını itirən və digər problemlərlə üzləşən yerli xalqlar yaşayışlarını, təhsilini və məşğulluğu təmin etmək üçün böyük şəhərlərə üz tuturlar. Onlar, həmçinin iqlim dəyişmələri nəticəsində baş verən münaqişələrdən xilas olmaq məqsədilə başqa dövlətlərə də mühacirət edirlər. Latın Amerikasında yerli xalqların 40 faizi, hətta bəzi ölkələrdə 80 faizi şəhərlərdə yaşayırlar. Onların bir çoxu dövlət xidmətlərindən istifadə edə bilmir və ayrı-seçkiliyə məruz qalır.
2019-cu ildə Beynəlxalq Yerli Xalqlar Günü yerli xalqların dilinə həsr olunub. Qeyd olunur ki, hazırda yerli xalqların dilləri də təhlükə altındadır. Hər iki həftədən bir bu dillərdən biri yox olur və uzun əsrlərboyu əldə edilmiş mədəni irs də məhv olmaq təhlükəsi ilə üzləşir.
BMT-nin Beynəlxalq Yerli Xalqlar Günü avqustun 9-da təşkilatın Nyu-Yorkdakı mərkəzi ofislərində qeyd olunacaq.

Sosial 2019-08-05 17:52:00