×
A
A
A
Sazlamalar

Gürcüstanda yaşayan azərbaycanlıların təhsil uğuru

Bakı, 5 avqust, AZƏRTAC

Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin (GAİM) 13 dinləyicisi “1+4” proqramı üzrə ölkənin ali məktəblərinə qəbul olunublar. Bu barədə AZƏRTAC-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Milli azlıqlar üçün nəzərdə tutulan “1+4” proqramına əsasən, Gürcüstanda yaşayan azərbaycanlılar yalnız məntiqdən imtahan verməklə və müvafiq keçid balını toplamaqla universitetlərə qəbul olunurlar. Mərkəzin məntiq kursunda təhsil alan gənclər – Fərid Yunusov, Sara Əhmədova, Ulduz Əliyeva, Nigar Kərimova, Nazlı İmamquliyeva, Turqay Musayev, Sübaxan Kərimov, Lamiyə Məmmədova, Asiman Qurbanov, Vəli Bayramov, Maksim Novruzalov, Vüqar Novruzov və Nigar Rüstəmova bu fənn üzrə dövlət imtahanını uğurla veriblər. “1+4” proqramına uyğun olaraq, onlar bir il ərzində gürcü dilini mükəmməl şəkildə öyrəndikdən sonra ixtisas seçimini edəcəklər.
Qeyd edək ki, GAİM-in müəllimi Musa Ömərov dinləyiciləri çox qısa müddətdə hazırlayaraq, onların imtahanda müsbət nəticə göstərmələrində ciddi rol oynayıb.
GAİM rəhbərliyi təhsil sahəsində qazandıqları uğur münasibətilə gəncləri təbrik edib.
Xatırladaq ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə fəaliyyət göstərən Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin təhsil kursları bu ilin aprelində Marneuli rayonunda açılıb. Açılış mərasimində Komitə sədri Fuad Muradov, Gürcüstanın Barışıq və Vətəndaş Bərabərliyi Məsələləri üzrə Dövlət naziri Ketevan Tsixelaşvili və digər rəsmi şəxslər iştirak ediblər.
İnteqrasiya Mərkəzinin açılmasında məqsəd Azərbaycan və Gürcüstan arasında elm, təhsil, mədəniyyət və idman sahələrində mövcud münasibətlərin dərinləşdirilməsi, yerli azərbaycanlıların vətəndaş cəmiyyətinə inteqrasiyasıdır. Mərkəzdə Azərbaycan, gürcü və ingilis dili, Azərbaycan və Gürcüstan tarixi tədris olunur, bir sıra digər kurs və dərnəklər fəaliyyət göstərir.
Ötən qısa müddət ərzində 13 azərbaycanlı gəncin təhsil sahəsində müvəffəqiyyət qazanması İnteqrasiya Mərkəzində işin keyfiyyətli qurulmasının nəticəsi kimi qiymətləndirilir.

Diaspor 2019-08-05 17:44:00