×
A
A
A
Sazlamalar

“Şahdəniz”dən bu vaxtadək 108 milyard kubmetrdən çox təbii qaz çıxarılıb

Bakı, 1 avqust, AZƏRTAC

İndiyədək Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” qaz-kondensat yatağından 27 milyon ton kondensat hasil edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə “BP Azerbaijan” şirkəti məlumat yayıb. Bildirilir ki, “Şahdəniz”dən ilk hasilat başlandığı dövrdən bu vaxtadək yataqdan 108 milyard kubmetrdən çox təbii qaz əldə olunub.
Qeyd edək ki, cari ilin yanvar-iyun aylarında “Şahdəniz” yatağından - “Şahdəniz Alfa” və “Şahdəniz Bravo” platformalarından birgə ümumilikdə 8,4 milyard standart kubmetr qaz və təqribən 2 milyon ton (14,4 milyon barrel) kondensat hasil edilib. Mövcud “Şahdəniz” qurğularının maksimum hasilat gücü hazırda gündəlik 56 milyon standart kubmetr və ya ildə təqribən 20 milyard kubmetrdir. Ötən il iyulun sonunda “Şahdəniz Bravo” platformasından ilk qaz əldə olunduğu vaxtdan hasilat tədricən artmaqda davam edir.
Altı ayda “Şahdəniz” yatağından Azərbaycan (SOCAR-a), Gürcüstan (“GOGC” şirkətinə) və Türkiyə (“Botaş” şirkətinə) bazarlarına və çoxsaylı obyektlər üçün BTC şirkətinə qazın çatdırılması davam edib. Cari ildə “Şahdəniz” üzrə fəaliyyətlərə 376 milyon dollar əməliyyat və 555 milyon dollardan çox əsaslı xərclər sərf edilib. Əsaslı xərclərin böyük əksəriyyəti “Şahdəniz-2” layihəsinə aid olub.
“Şahdəniz”də iştirak payları belədir: BP (operator – 28,8 faiz), AzŞD (10 faiz), “SGC Upstream” (6,7 faiz), “Petronas” (15,5 faiz), “LUKoil” (10 faiz), “NICO” (10 faiz) və “TPAO” (19 faiz).

Neft - qaz 2019-08-01 16:56:00