×
A
A
A
Sazlamalar

“Azəri-Çıraq-Günəşli”dən ümumi hasilat 3,6 milyard barreli keçib

Bakı, 1 avqust, AZƏRTAC

Xəzər dənizinin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan ilk neft hasilatından bəri ümumi istehsal 3,6 milyard barreldən çox olub.
AZƏRTAC xəbər verir ki, bu barədə “BP Azerbaijan” şirkəti məlumat yayıb.
Qeyd edək ki, bu ilin yanvar-iyun aylarında AÇG-dən hasilat 98 milyon barreldən çox, yəni 13 milyon ton təşkil edib. AÇG-dən ümumi hasilat – “Çıraq” (42 min), “Mərkəzi Azəri” (131 min), “Qərbi Azəri” (120 min), “Şərqi Azəri” (94 min), “Dərinsulu Günəşli” (96 min) və “Qərbi Çıraq” (60 min) platformalarından birgə gündəlik orta hesabla 542 min barrel olub.
İlin birinci yarısının sonuna AÇG-də ümumilikdə 124 neft hasilat quyusu, 44 su və 7 qaz injektor quyusu istismarda olub. Yanvar-iyun aylarında blokda 7 neft hasilat quyusu qazılıb.
AÇG layihəsinə 6 ayda təqribən 272 milyon dollardan artıq əməliyyat və 657 milyon dollardan çox əsaslı məsrəflər xərclənib.
AÇG-də tərəfdaşların iştirak payları bu nisbətdədir: BP - 30,37 faiz, “AzAÇG” (SOCAR) - 25 faiz, “Chevron”- 9,57 faiz, “Inpex” - 9,31 faiz, “Equinor” - 7,27 faiz, “ExxonMobil” - 6,79 faiz, “TPAO” - 5,73 faiz, “Itochu” - 3,65 faiz və “ONGC Videsh Limited” (OVL) - 2,31 faiz.
AÇG üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin podratçı tərəfləri adından “BP Exploration (Caspian Sea) Limited” şirkəti operatordur.

Neft - qaz 2019-08-01 16:54:00