×
A
A
A
Sazlamalar

Əməkdar artist Afaq Abbasova beynəlxalq festivalda çıxış edəcək

Bakı, 31 iyul, AZƏRTAC 

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının aparıcı solisti, Əməkdar artist, “Humay” milli mükafatı laureatı Afaq Abbasova İtaliyada keçiriləcək Beynəlxalq “Tagliacozzo” Festivalında çıxış edəcək.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, A. Abbasova avqustun 1-də 35-ci dəfə keçiriləcək bu mötəbər tədbirin açılış mərasimində çıxış edərək İtaliyanın tanınmış vokalçıları ilə eyni səhnəni bölüşəcək.
Son illərdə İtaliyanın Azərbaycandakı Səfirliyi ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında qarşılıqlı əlaqələr çərçivəsində çox maraqlı layihələr gerçəkləşdirilir. İtaliyadan dəvət olunmuş dirijor və vokalçılar Opera və Balet Teatrının səhnəsində çıxış edir, teatrda italiyalı sənətkarlar və vokal ustalarının yaradıcılığını əks etdirən sərgilər təşkil olunur.
Qeyd edək ki, gənc vokalçımız A. Abbasova azərbaycanlı vokalçılar içərisindən ilk dəfə belə mötəbər tədbirə dəvət edilib.

 

Teatr və kino 2019-07-31 14:50:00