×
A
A
A
Sazlamalar

“Judo Club 2012”nin yetirməsi XV Avropa Gənclər Olimpiya Festivalında ölkəmizi uğurla təmsil edib

Bakı, 30 iyul, AZƏRTAC
Bakıda keçirilən XV Avropa Gənclər Olimpiya Festivalı Azərbaycan cüdoçuları üçün də yaddaqalan olub. Festivalın Heydər Əliyev adına İdman Sarayında keçirilən cüdo yarışlarında mübarizə aparan 12 (8 oğlan, 4 qız) idmançımızdan 2-si qızıl, 1-i gümüş, 3-ü bürünc medal qazanıb. Cüdoçularımız komanda hesabında üçüncü yeri tutublar. Oğlanlardan ibarət komandamız isə birinci pillədə qərarlaşıb. Mötəbər yarışın qızıl medalına sahib olan idmançılarımızdan biri də “Judo Club 2012”nin yetirməsi Hüseyn Məmmədovdur.
Klubdan AZƏRTAC-a bildiriblər ki, ən ağır (+90 kq) çəki dərəcəsində mübarizə aparan gənc cüdoçumuz ilk görüşdə almaniyalı Daniel Udsilauriyə, sonra isə yunanıstanlı Aris Aristotelis Leonidisə qalib gəlib. Yarımfinalda moldovalı Alin Baqrini üstələyən H.Məmmədov finalda rusiyalı Ahmed Maqomedovu məğlub edərək festivalın qalibi adını qazanıb. Cüdoçumuz bu möhtəşəm idman bayramının bağlanış mərasimində Azərbaycan komandasının bayraqdarı olub.
Hüseyn Məmmədov festivalla bağlı təəssüratlarını bölüşərək deyib: “Yarışlar gərgin idman mübarizəsi şəraitində keçdi. Komandamızın aktivinə qızıl medal yazdırdığım üçün çox sevinirəm. Bu qələbə karyeramda qazandığım ən böyük uğurdur. Avropa Gənclər Olimpiya Festivalının medalı mənim üçün çox dəyərlidir. Qələbəmdə əziyyəti olan məşqçilərimə, bizə dəstək olan Azərbaycan Cüdo Federasiyasına və “Judo Club 2012”nin rəhbərliyinə minnətdarlığımı bildirirəm. Qarşıda bizi Qazaxıstanda təşkil olunacaq dünya çempionatı gözləyir. Həmin yarışda da böyük ruh yüksəkliyi ilə çıxış edərək mükafatçılar sırasında yer almağa çalışacağam”.
İdmançımızın şəxsi məşqçisi, “Judo Club 2012”nin baş məşqçisi, Əməkdar məşqçi Tərlan Həsənov yetirməsinin “EYOF Bakı 2019”da qazandığı uğuru yüksək qiymətləndirib. Azərbaycan cüdosunda H.Məmmədovun timsalında yeni bir ağır çəkili pəhləvanın yetişməsindən məmnunluğunu ifadə edən məşqçi deyib: “H.Məmmədov 8 yaşından cüdo ilə məşğul olur. Hələ idmana yeni başlayan vaxtlarından onun çox böyük fiziki gücə malik olduğunu müşahidə etmişdim. Yaşının az olmasına baxmayaraq, o, ən ağır çəkili idmançıların yarışında fəallığı ilə seçilirdi. Hüseyn bu yarışa qədər respublika çempionatları ilə yanaşı, Avropa Kuboku və digər beynəlxalq turnirlərdə medallar qazanıb. Bu ili gənc idmançı üçün uğurlu adlandırmaq olar. Belə ki, o, ötən ay Varşavada təşkil olunan Avropa birinciliyində üçüncü yeri tutub. Avropa Gənclər Olimpiya Festivalındakı tarixi nailiyyət isə istedadlı cüdoçunun daha böyük qələbələrinin müjdəçisidir. Onun hələ 17 yaşı var. İnanıram ki, Hüseyn gələcəkdə ustalıq səviyyəsini daha da artıraraq, dünya, Avropa və Olimpiya Oyunlarının mükafatçıları sırasında yer alacaq”.

İdman 2019-07-30 18:19:00