×
A
A
A
Sazlamalar

“Azəriqaz”: Sabunçu qəsəbəsindəki abonentlərin problemi həll olunub

Bakı, 29 iyul, AZƏRTAC 

“Azəriqaz” İstehsalat Birliyi Sabunçu qəsəbəsində abonentlərin təbii qaz problemini həll edib.
Birlikdən AZƏRTAC-a bildirilib ki, təqribən bir həftə öncə Sabunçu rayonunun Sabunçu qəsəbəsində 6 minədək abonentin qaz təchizatında yaranan problem barədə məlumat yaymışdıq. Belə ki, qəsəbə yaxınlığındakı bataqlıq ərazidən keçən qaz kəmərinə birləşmiş sənaye müəssisənin xətlərində korroziya baş vermiş və həmin zədəli hissələrdən daxil olan su kəmərə dolmuşdu. Baxmayaraq ki, gün ərzində 12 tondan çox su ərazidən çəkilərək çıxarılmışdı, lakin bu heç də problemin həllinə köməklik göstərmədi. Müvəqqəti olaraq sakinlərin qaz təchizatı alternativ xətlə təmin edildi. Su dolan kəmərin isə yenisi ilə əvəz olunması qərara alındı. Beləliklə, artıq təqribən 1000 metr uzunluğunda 315 millimetr diametrində olan polietilen kəmər hazırdır və bu gündən istifadəyə veriləcək. Bununla da 6 minədək abonenti əhatə edən Sabunçu qəsəbəsinin Q.Vəzirov, Natəvan, S.Aydınbəyov, İ.Əfəndiyev, Musabəyov, M.Qasımov küçələrində, eləcə də bir neçə çoxmərtəbəli binada qaz təchizatı normal şəkildə təmin olunacaq.
Yeni çəkilmiş qaz xəttinin mövcud şəbəkəyə qoşulması ilə əlaqədar bu gün saat 10:00-dan qaz təchizatı müvəqqəti olaraq dayandırılıb.

Neft - qaz 2019-07-29 11:51:00