×
A
A
A
Sazlamalar

A viruslu hepatitin profilaktikası üçün vaksin mövcuddur

Bakı, 28 iyul, AZƏRTAC
Yay fəsli orqanizmin möhkəmləndirilməsi dövrüdür. Lakin bu fəsildə insanlar bir çox xəstəliklərə də yoluxa bilərlər. Yayda insanlar özlərini xüsusilə bağırsaq infeksiyalarına yoluxmadan qorumalıdırlar. A viruslu hepatit (HAV) ən geniş yayılmış bağırsaq infeksiyalarından biridir. Bu hepatit həm yüngül, həm də ağır formada gedişata malik qaraciyərin virus mənşəli xəstəliyidir. Fekal-oral yolla ötürülən xəstəlik adətən içməli sulara çirkab suların qarışması nəticəsində yaranır. Təsadüfi halda isə xəstələnmə çirkli əllər, yuyulmamış meyvə-tərəvəzdən istifadə, yoluxmuş insanlarla təmas vasitəsilə ola bilər. Belə ki, HAV çirkli qida məhsulları və sudan istifadə və ya infeksiyalı xəstələrlə bilavasitə təmas zamanı ötürülür.
Bu barədə AZƏRTAC-a Mərkəzi Neftçilər Xəstəxanasının həkim-infeksionisti Nigar Nağıyeva məlumat verib.
B və C viruslu hepatitdən fərqli olaraq A hepatitinin xroniki qaraciyər xəstəliyinin inkişafına gətirib çıxarmadığını bildirən həkim deyib : “Bu xəstəlik nadir hallarda fulminant hepatit, yəni, kəskin qaraciyər çatışmazlığı yaradaraq ölümə səbəb olur. Ağır və fatal nəticələrin inkişaf ehtimalı yaşlı insanlarda daha çox təsadüf olunur. Altı yaşına kimi yoluxmuş uşaqlarda isə heç bir simptom qeydə alınmaya bilər. Belə ki, uşaqların yalnız 10 faizində sarılıq inkişaf edir. Daha böyük yaşlı uşaqlarda və böyüklərdə isə infeksiya daha ağır simptomlarla müşahidə edilir və 70 faiz halda sarılığa təsadüf olunur. Demək olar ki, bütün xəstələr ömürlük immunitetin yaranması ilə tamamilə sağalırlar. Lakin A viruslu hepatitli xəstələrin bir qismi ildırımvari gedişatdan həyatını itirə bilərlər.
HAV-ın gizli dövrü 14-28 gün çəkir. Xəstəliyin yayılmasında əsas vasitə su olduğundan yayın ortasında yoluxma baş verərsə, xəstəliyin yüksəlişi yayın sonu-payızın əvvəllərində müşahidə edilir. Xəstəlik hərarətin yüksəlməsi, halsızlıq, iştahasızlıq, qusma, qarında narahat hissiyyat, diareya, sidiyin tündləşməsi və dəri və selikli qişalarda sarılığın yaranması kimi şikayətlərlə müşayiət olunur. Bu əlamətlər qeydə alındıqda mütləq həkimə müraciət etmək lazımdır".
İnfeksionist bildirib ki, peyvənd olunmamış və əvvəllər bu xəstəliyi keçirməmiş hər bir insan A viruslu hepatitə yoluxa bilər. Yoluxma riski təhlükəli sulardan istifadə, qeyri-qənaətbəxş sanitariya və gigiyena ilə əlaqəlidir. Bu xəstəliyə yoluxmamaq üçün şəxsi gigiyena qaydalarına ciddi riayət etmək lazımdır. Belə ki, yeməkdən öncə, ayaqyolundan sonra, həyətdən, işdən, dərsdən və s. gəldikdən sonra əlləri yumaq, meyvə, tərəvəz, göyərtini təmiz axar su ilə yumaq və qaynadılmış su ilə yaxalamaq, içmək üçün yalnız qaynadılmış və ya qablaşdırılmış sulardan istifadə etmək, açıq su hövzələrində çimən zaman suyun ağıza getməməsinə çalışmaq, insanların olduğu mühitin, yəni, ev, iş, məktəb, ictimai qidalanma obyektlərinin və s. təmizliyinə riayət etmək vacibdir.
Həkim onu da qeyd edib ki, A viruslu hepatitin profilaktikası üçün vaksin mövcuddur. Təhlükəsiz su təchizatı, təhlükəsiz qida məhsulları, qənaətbəxş sanitariya, əllərin yuyulması və vaksinasiya bu xəstəliklə mübarizənin ən səmərəli üsullarındandır.

Sağlamlıq klubu 2019-07-28 14:22:00