×
A
A
A
Sazlamalar

Bakı-Quba yolunda təmir-bərpa işləri görülür

Bakı, 27 iyul, AZƏRTAC

Bakı-Quba magistral yolunda təmir-bərpa işləri aparılır.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 132 kilometrlik Bakı-Gəndob hissəsində yolun inşası zamanı buraxılan konstruktiv səhvlər, həmçinin avtomobil yolu ilə əsasən Qubadan Bakı istiqamətində normadan artıq yüklənmiş yük maşınlarının (ümumi nəqliyyat vasitələrinin 67,82 faizini təşkil edir) hərəkəti nəticəsində yolun örtüyündə çatlar və dağılmış hissələr yaranıb. Bu isə haqlı olaraq vətəndaşlar tərəfindən narazılıqla qarşılanır, avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətində problemlərə gətirib çıxarır. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən sözügedən yolda təxirəsalınmaz və kompleks tədbirlərə başlanılıb.
Təmir-bərpa işləri yolun Şabran rayonu ərazisindən başlayaraq Siyəzən və Xızı rayonlarını keçməklə Bakı şəhəri istiqamətində aparılır. İşlər yolun 130-53-cü və 28-16-cı kilometrlik hissələrində aparılmaqla 200 min kvadratmetrdən çox sahəni əhatə edir. Təmir-bərpa işləri zamanı yolun örtüyününün çatlamış və dağılmış hissələri frezlənərək kənara daşınır, bunun əvəzinə əlaqələndirici bitum səpilməklə yeni asfalt-beton örtüyü döşənir.
Görülən işlər artıq Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun Bakı şəhəri istiqamətində 130-98-ci, 83-70-ci və 28-20-ci kilometrlik hissələrində aparılaraq yekunlaşdırılıb. Sözügedən hissələrdə görülmüş işlərin sahəsi 130 min kvadratmetrə yaxındır. Hazırda yolun 98-83-cü, 70-53-cü və 20-16-cı kilometrlik hissələrində işlər görülməkdədir.
Analoji işlər yolun əks istiqamətində də aparılır. Burda da yol örtüyünün dağılmış hissələri frezlənir, ardınca isə əlaqələndirici bitum səpilməklə yeni asfalt-beton örtüyü döşənir. Bakı-Quba istiqaməti üzrə aparılan bu işlər 7 min kvadratmetr sahədə artıq bitib.
Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun 132 kilometrlik Bakı-Gəndob hissəsində hərəkətin təhlükəsizliyini təmin etmək üçün yolun dağılmış və deformasiyaya uğramış bütün hissələrinin bərpası istiqamətində işlər “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən aparılır. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb edilib.
Aparılan təmir-bərpa işlərini nəzərə alaraq sürücülərdən sözügedən yolboyu hərəkət zamanı diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Tikinti̇ 2019-07-27 11:50:00