×
A
A
A
Sazlamalar

Arxeoloji ekspedisiya Qəbələnin Səlbir və Antik şəhər yerində tədqiqat aparır

Bakı, 24 iyul, AZƏRTAC 

Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun Antik dövr arxeologiyası şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Ceyhun Eminlinin rəhbərlik etdiyi Antik və ilk orta əsrlər Qəbələ arxeoloji ekspedisiyası Qəbələnin Səlbir və Antik şəhər yerində tədqiqat aparır.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, qədim Qəbələnin Səlbir yaşayış yerində sahəsi 400 kvadratmetrdən artıq olan iri tikili kompleksi tədqiq olunur. Bu kompleks 2017-ci ildə ekspedisiya tərəfindən aşkarlanıb. Builki tədqiqatlar zamanı həmin kompleksə aid bir binanın ikimərtəbəli olması müəyyən edilib. Binanın tikintisində çay daşı və bişmiş kərpicdən geniş istifadə olunub. Binanın alt mərtəbəsinə kərpic pilləkənlərlə düşdükdən sonra dəhlizlər vasitəsilə müxtəlif istiqamətlərdə otaqlar müəyyən edilib. Dəhliz və otaqlar bişmiş kərpiclərlə döşənib və suvaq qatı ilə örtülüb. Binanın daxili divarlarının tərtibatında üstü həndəsi təsvirlərlə bəzədilmiş suvaq örtükləri də aşkar olunub. Tikili kompleksi içərisinə dəhlizlər, yardımçı otaqlar, dairəvi hovuz, saxsı tünglərdən hazırlanan su xətti, isitmə qurğuları, təsərrüfat quyusu, təndir daxildir. Binanın dağılmış hissələri içərisində xeyli sayda müxtəlif rəngli şüşələrin tapılması vaxtilə orada şəbəkəli pəncərələr olduğundan xəbər verir. Tədqiqatlar zamanı xeyli sayda saxsı məmulatı, inşaat detalları, metal əşyalar aşkarlanıb. Tikili kompleksi eramızın XII-XIV əsrləri arasındakı dövrə təsadüf olunur. Daha sonra bu kompleks tərk edilib və zaman keçdikcə kütləvi dağıntıya məruz qalıb. XV əsrdən sonra həmin hissədə kiçik qəbiristanlıq salınıb ki, qəbirlərin qazılması nəticəsində binanın bəzi divarları və bünövrə yerləri daha da dağılıb.
Paralel olaraq Səlbir yaşayış yerində Azərbaycan-Koreya beynəlxalq arxeoloji ekspedisiyası da fəaliyyət göstərir. Birgə tədqiqatlar Səlbirin mərkəzi hissəsində su anbarı ehtimal edilən çökəklik yerində davam edir.
İkiillik fasilədən sonra Antik və ilk orta əsrlər Qəbələ arxeoloji ekspedisiyası Antik şəhər yeri ehtimal olunan Çaqqallı sahəsində də tədqiqatları bərpa edib. Antik şəhər yerində mərhum arxeoloq, professor İlyas Babayevin rəhbərliyi ilə uzun illər aparılmış genişmiqyaslı qazıntılar nəticəsində aşkarlanmış dulusçuluq emalatxanası ətrafında qazıntılar hazırda davam etdirilir. Eramızdan əvvəl II əsrə aid olan dulusçuluq emalatxanasının ətrafı, dulus kürələri tədqiqata cəlb olunub.
Antik və ilk orta əsrlər Qəbələ arxeoloji ekspedisiyasının əsas istiqaməti Qafqaz Albaniyasının paytaxtı olmuş Qəbələdə erkən şəhər mədəniyyətinin formalaşması, urbanizasiya problemi, yaşayış yerlərində mədəni təbəqələr əsasında davamlı həyat tərzinin öyrənilməsidir.
Arxeoloji çöl-tədqiqat işləri SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının maliyyə dəstəyi ilə həyata keçirilir.

Elm və təhsil 2019-07-24 11:21:00