×
A
A
A
Sazlamalar

YAP Şərur rayon təşkilatının üzvlərinin sayı 10 mini ötüb

Şərur, 24 iyul, AZƏRTAC

Yeni Azərbaycan Partiyası (YAP) Şərur rayon təşkilatının tərkibindəki 87 ilk təşkilatda 10 min 598 nəfər partiya üzvü var. Bu ilin altı ayı ərzində partiya sıralarına qəbul edilən 68 nəfərin 61-i gənc, 33-ü qadındır.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu faktlar YAP Şərur rayon təşkilatında keçirilən şura iclasında səsləndirilib.
İclasda cari ilin altı ayında görülmüş işlər və qarşıda duran vəzifələr barədə təşkilatın sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Əmir Babayev məruzə edərək bildirib ki, ötən müddətdə təşkilatın şura və İdarə Heyətinin üzvləri ərazi ilk təşkilatlarında olub, partiya üzvləri və sakinlərlə görüşüb, onların qayğıları ilə maraqlanıblar.
Əmir Babayev deyib: Partiyanın rayon təşkilatının xətti ilə əlamətdar və tarixi günlər, o cümlədən ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyə gəlişinin 50-ci, Naxçıvan Muxtar Respublikasının 95-ci, YAP Şərur rayon təşkilatının yaradılmasının 26-cı ildönümlərinə həsr olunmuş elmi-praktik konfranslar keçirilib.
Perspektiv məsələlərdən danışan təşkilat sədri deyib ki, ilk təşkilatlarda ideoloji işin və onun metodlarının daim təkmilləşdirilməsi, partiyaya daha çox gəncin cəlb olunması, təbliğat-təşviqat işlərinin günün tələblərinə uyğun qurulması, yaradılmış potensialdan düzgün istifadə və onun qorunması bundan sonra da qarşıda duran əsas vəzifələrdəndir.
Təşkilat sədri bildirib ki, bu il YAP-ın yaradılmasının 27 ili tamam olur. Bununla əlaqədar rayon təşkilatında geniş tədbirlərin keçirilməsi nəzərdə tutulub.
İclasda çıxış edən Şərur Rayon İcra Hakimiyyətinin başçısı Kamal Cəfərov Azərbaycanda, eləcə də muxtar respublikada Heydər Əliyev siyasətinin ardıcıl şəkildə davam etdirilməsi nəticəsində əldə olunan uğurlardan bəhs edərək diqqətə çatdırıb ki, qazanılmış hər bir müvəffəqiyyətin kökündə artıq özünü əsl xalq partiyası kimi təsdiqləmiş YAP-ın Proqram və Nizamnaməsinə uyğun fəaliyyəti dayanır. Partiyanın yaradıcısı, onun daimi və əbədi lideri Heydər Əliyev siyasətinə sadiqliyini əməli işi ilə sübut edən muxtar respublika Ali Məclisinin Sədri, YAP Naxçıvan Muxtar Respublika Təşkilatının Sədri Vasif Talıbov diyarımızın gündən-günə çiçəklənməsi, tərəqqisi və hərtərəfli inkişafı üçün ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirir. Bunun nəticəsidir ki, muxtar respublikada, o cümlədən Şərur rayonunda bütün sahələr sürətlə inkişaf edir, ümumi daxili məhsul, həyata keçirilən quruculuq, yaşıllaşdırma və abadlıq tədbirlərinin miqyası, tikinti-quraşdırma işlərinə qoyulan investisiyanın həcmi ildən-ilə artır. Artıq rayonun 50-dən artıq yaşayış məntəqəsində geniş quruculuq tədbirləri aparılıb, infrastrukturlar yenilənib. Hazırda yeddi kənddə yeni sosial obyektlər tikilir, Şərur şəhərində yaşayış binaları inşa olunur, yollar əsaslı şəkildə yenidən qurulur. Zeyvə və Düdəngə kəndlərində içməli su sistemlərinin çəkilişi, Dizə kəndində sutəmizləyici qurğunun və su anbarlarının tikintisi davam edir, aqrar sahədə hər il artımlar qeydə alınır.
Şura yığıncağında çıxış edən YAP Naxçıvan Muxtar Respublika təşkilatının icra katibi Anar İbrahimov rayon təşkilatının, onun ərazi ilk təşkilatlarının və digər struktur bölmələrinin 2019-cu ilin birinci yarısındakı fəaliyyətini təhlil edib. Bildirib ki, ümummilli lider Heydər Əliyevin iştirakı ilə 1993-cü ilin yanvar ayında təsis olunmuş YAP-ın Şərur rayon təşkilatı şərəfli inkişaf yolu keçərək hazırda ətrafında 10 mindən artıq partiya üzvünü birləşdirir. Bu, rayondakı siyasi aktiv əhalinin 15 faizi deməkdir. Partiya üzvlərinin seçkili orqanlarda təmsilçiliyi də buna sübutdur. Son illərdə Naxçıvan Muxtar Respublikasının kənd yaşayış məntəqələrindəki sosial infrastrukturların inkişafından partiyanın yerli təşkilatları da yararlanıb, Şərur rayonunda 42 kənd ərazi təşkilatı müasir şəraiti olan otaqlarla təmin edilib. Bütün bunlar yerlərdə aktivliyin və təşəbbüskarlığın daha da artırılması üçün stimul rolunu oynamalıdır.
Vurğulanıb ki, partiya təşkilatlarının fəaliyyətlərinin əsas istiqamətlərini müəyyən edən YAP Naxçıvan Muxtar Respublika Təşkilatının Sədri Vasif Talıbovun təsdiq etdiyi illik İş planında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi bundan sonra da başlıca vəzifə kimi müəyyən olunmalı, həmin sənədin icrası zamanı keyfiyyət və əhatəlilik amilləri nəzərə alınmalıdır.
Sonra məruzə ətrafında çıxışlar olub.
Şura iclasında müzakirə olunan məsələlərlə əlaqədar qərar qəbul edilib.

Regionlar 2019-07-24 11:28:00